Tərəflərin qeyd olunandan fərqli məsələləri müzakirə etməsi də mümkündür. Xatırladım ki, A.Araqçı bir qədər əvvəl Suriyada Prezident Bəşər Əsədlə görüşüb, son günlər baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb.
İranlı nazir daha sonra Türkiyəyə səfər etdi. O, burada Türkiyənin yüksək vəzifəliləri ilə görüşlər keçirdi. Aydın məsələ idi ki, Araqçı Türkiyəyə həm Əsədin təkliflərini çatdırıb.
Görünür, Tehranın Ankara və Dəməşq arasında vasitəçilik etmək səyləri uğursuz olub. Ehtimal etmək olar ki, Abbas Araqçı məhz bu səbəbdən Ceyhun Bayramovla bir araya gəlib. Aydın indiki məqamda Tehranın imkanları məhduddur. İsraillə gərginlik, Təl-Əvivin HƏMAS və "Hizbullah"a vurduğu ağır zərbə və daxili problemlər Əsədə dəstəyi azaldır. İranın dəstəyi olmasa, Əsədin hakimiyyətdə qalması çətindir.
İran Əsədə tam hərbi dəstəyə tələsmir. Buna görə də diplomatik kanallarla məsələni səngitməyə çalışır. Bunun üçün ilk cəhd edildi. Lakin bir daha qeyd edim, Araqçının Türkiyə səfəri elə də xoş keçməyib. Görünür, Araqçı Türkiyəyə daha yaxın və sözü keçə biləcək bir kanal axtarır. Abbas Araqçı-Ceyhun Bayramov görüşü bu baxımdan diqqət çəkir.
Araqçı-Bayramov görüşündən iki nəticəyə gəlmək olar:
Birincisi, Abbas Araqçı Ceyhun Bayramovdan Azərbaycanın Suriyadakı məsələlərlə bağlı vasitəçi olmasını, ya da Ankaranı əməliyyat fikrindən daşındırmasını xahiş edə bilər. Qəribə səslənsə də, rəsmi Bakının bundan öncə həm İsrail, həm də Ərəb ölkələri ilə Türkiyənin münasibətlərini normallaşdırmaq üçün müəyyən təmasları olub.
Lakin Suriya ilə bağlı məsələ çox fərqlidir. Ankaranın Əsədlə bağlı mövqeyinin Bakının vasitəçiliyi ilə dəyişməsi real deyil. Ümumiyyətlə, Suriya-Azərbaycan münasibətləri BƏƏ, Misir, Səudiyyə Ərəbistanı ilə olduğu kimi deyil. Yəni belə bir vasitəçilikdə Azərbaycan özü də maraqlı olmaya bilər.
İkincisi, Bakı vasitəçiliyə razı olsa belə, Ankaranın bu təklifə isti baxmayacağını yaxşı bilir. Tehran həm də Bakı ilə Ankara arasında fikir ayrılıqlarını dərinləşdirmək istəyə bilər.
Nəticə etibarilə Bakı Tehranın nə etmək istədiyini sezəcək siyasi iradəyə sahibdir. Azərbaycan indiki məqamda çətin ki, Türkiyənin Suriyadakı maraqlarına qarışsın. Rəsmi Bakı üçün hazırda prioritet məsələlər Ermənistanla sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin təmin edilməsi, qonşularla əməkdaşlıq və müsbət əlaqələrin təmin edilməsidir.
Turan Rzayev
Politoloq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31