"Cənubi Koreyada baş verənlər prezidentin maraqlarına cavab verir".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cənubi Koreyada baş verən olayları şərh edərkən deyib.
Ekspertə görə, prosesdə Çinin rolunun olması versiyası inandırıcı deyil:
"Şimali Koreya ilə Cənubi Koreya arasında təbii ki, ziddiyyətlər var. Amma bir çox qüvvələr də Koreyanın birləməsini istəyir. Cənubi Koreyada baş verən olayların Çinlə bağlanılması doğru deyil. Çünki Pekin indi xarici siyasətdə o qədər də aktiv rol oynamır. Yaxın 30 ildə də bu rolda çıxış etməyəcək. Çin iqtisadi cəhətdən yüksəliş olsa da, hələ də həddən artıq yoxsul ölkədir. Pekin indilikdə Tayvana belə daxil ola bilmir. Ona görə də Cənubi Koreyada baş verən qarşıdurmada Pekinin rolunun olması versiyası o qədər də ağlabatan görünmür. Digər tərəfdən, Seul bölgədə ABŞ-ın əsas müttəfiqidir. ABŞ bu regona mühüm diqqət yetirir. Ona görə də Qərb Cənubi Koreyada qarşıdurmaya imkan verməz".
Həmsöhbətimiz düşünür ki, baş verən olan daxili problemlərdən qaynaqlanır:
"Müxalifət prezidenti korrupsiyada ittiham edib. Görünür, bu səbəbdən də ölkə prezidenti parlamentdə çoxluq təşkil edən müxalifəti əzmək qərarına gəlib. Seulun əsas müttəfiqi olan Vaşinqton özü bəyan edərək bildirdi ki, prezidentin atdığı addımdan təəccübləniblər. Yəni ABŞ ilə razılaşmadan, onu xəbərdar etmədən Cənubi Koreyada bu proseslər baş verməz. Zənnimcə, bu proses prezidentin şəxsi maraqlarına cavab verir. O yəqin öz həyatına hansısa təhlükə hiss edib, ya da rəqiblərini neytrallaşdırmağı düşünür".
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. O, Şimali Koreyanın kommunist qüvvələrindən gələn təhlükədən ölkəni qorumaq üçün bu addıma getdiyini bəyan edib. Ölkə parlamenti hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu bildirərək, ləğv edib.
Parlamentdə hazırda prezidentə müxaif olan qüvvələr üstünlük təşkil edir. Cənubi Koreyada hakimiyyət böhranı yaşanır. Son zamanlar regionda gərginliyin artdığını nəzərə alsaq, baş verən olayda bir sıra xarici və daxili amillərin rol oynadığını düşünmək olar. Sirr deyil ki, Koreya Respublikasında ABŞ-ın əsas söz sahibi olması Çini narahat edir. Bu mənada Cənubi Koreyadakı prosesləri xarici amillə bağlayanlar da var.
Rüfət Sultan