"Bakı metrosunda qatardakı texniki bağlı sabah komissiyanın xüsusi araşdırma iclası olacaq".
Bu barədə "Trend"ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Daha sonra mövcud vəziyyətin aidiyyəti sahələrin iştirakı ilə müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.
Ümumiyyətlə, metropolitendə baş verən hər bir hadisə ilə bağlı xüsusi araşdırma aparılır. Çünki metropolitendə iki hadisə bir-birinə bənzəməyə də bilər. Eyni zamanda, hər bir hadisənin nəticələri əsasında görüləcək tədbirlər bundan sonra həmin hadisələrin təkrarlanmaması üçün tətbiq olunur", - o qeyd edib.
B.Məmmədov bildirib ki, sıxlığın tənzimlənməsi bir saat davam edib:
"Problemi dərinləşdirən məsələlərdən biri də ondan ibarət olub ki, qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb.
Ümumiyyətlə, hər hansı neqativ hal qeydə alınmayıb. "28 May" və "Elmlər Akademiyası" stansiyaları həmin vaxtda xüsusi sərnişin sıxlığı olduğundan giriş qapılarında xüsusi nəzarət-buraxılış tədbirləri görülüb. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub.
"28 May" stansiyası "yaşıl" və "qırmızı" xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisənin nəticəsində "Dərnəgül" və "İçərişəhər" istiqamətində əsaslı yubanmalar olub".
Qeyd edək ki, bu gün axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, "yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb.