AZ

Sumqayıtda arxayınlıq və gecikən qollar

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Raundd sürpriz qeydə alınmadı. Görüşlər arasında daha çətini “Sumqayıt” üçün oldu.

Vaqif Cavadovun yetirmələri az sayda azarkeşləri önündə I Liqada yarışan MOİK-lə üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə başa çatan görüşün əlavələrində daha iki qol vuran “kimyaçılar” adını növbəti mərhələyə yazdırdı.

Oyunun startında əsas heyətin bir neçə üzvünə şans verən Cavadov bəlkə də, böyükhesablı qələbəyə ümid edirdi. Oyunun startı da belə keçdi, çoxsaylı hücumlar etməyə başlayan “kimyaçılar” rəqib qapıçı Zeynal Əhmədzadəni məyus edə bilmirdi. Eyni zamanda “Sumqayıt”ın hücumçuları da sonluqda problemlər yaşayırdı. Buna baxmayaraq, oyunçularda arxayınlıq hiss olunurdu. Sanki meydana “nə olur olsun, MOİK-i keçərik” düşüncəsi var idi.

Lakin I Liqa klubunun ikinci hissədə hesabı bərabərləşdirməsi və arxaya çəkilməsi “kimyaçılar”ın işini çətinə saldı. Döyüşə gəncləri atan Cavadov gözləntiləri ala bilmədi. Xüsusilə, yersiz top itkiləri mütəxəssisi özündən çıxarırdı. Oyunun sonlarına yaxın “Sumqayıt” uzaqdan vurulan zərbələrlə qələbə topunu vurmağa çalışsa da, Əhmədzadə yenə keçilməz oldu.

Əlavə vaxtda isə vurulan qol MOİK-in müqavimətini qırdı. Bundan sonra daha rahat oynayan “kimyaçılar” sona bir dəqiqə qalmış fərqlənərək yekunu müəyyənləşdirdi – 3:1.

“Sumqayıt” Premyer Liqada həftəsonu “Neftçi”ni qəbul edəcək. “Ağ-qaralar”la oyunöncəsi 120 dəqiqəlik matç futbolçuların fiziki durumuna təsir edəcək. Hərçənd, əsas heyət üzvlərinin əksəri kubokda az şans aldı və istirahət üçün vaxtları olacaq. Lakin Rəhim Sadıxov, Səbuhi Abdullazadə, Rövlan Muradov kimi açar oyunçuların daha çox meydanda olması və onların yorğunluğu növbəti görüşdə komandanın oyun ritminə təsir edə bilər.

Şahin Cəfərov

Seçilən
40
futbolpress.az

1Mənbələr