AZ

Bakıda mağazada satıcıya qarşı quldurluq edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və soyğunçuluqda təqsirləndirilən Aydın Səfərovun (soyası şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 28 iyun 2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “ADA-Baku” kişi geyimləri mağazasında qeydə alınıb. 

 

Belə ki, Aydın Səfərov müştəri qismində mağazaya daxil olaraq oradan 25 manat dəyərində kətan şalvarı götürüb. Sonra Aydın paltar dəyişmə otağında əynində olan şalvarın altından geyinərək çıxıb getmək istəyib. Bu zaman mağazada satıcı işləyən zərərçəkmiş Dadaş Quliyev (şərti) həmin şalvarı gizli olaraq talamasını aşkar edib, geri verməsini tələb edib. Lakin Aydın zərərçəkmişin tələblərinə məhəl qoymayaraq taladığı əmlakı özündə saxlamaqla mağazanı tərk edib. Dadaş da onun ardınca çıxıb yenidən şalvarı geri qaytarmasım tələb edib. Təqsirləndirilən şəxs isə üzərində gəzdirdiyi bıçağı cibindən çıxardaraq nümayiş etdirib. Hücuma məruz qalmış Dadaş qorxub mağazaya geri qayıdıb.

 

Bundan başqa, Aydın Səfərov 18 iyul 2023-cü il tarixdə, saat 13:30 radələrində paytaxt ərazisində piyada hərəkət edən qadına yaxınlaşaraq, onun pul və telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 5 Dekabr 2024, 08:53   
Seçilən
23
pravda.az

1Mənbələr