AZ

Riyaziyyat və fizika müəllimliyi BİR ARADA – Nə qədər effektiv OLACAQ?

Ali təhsilin bakalavriat səviyyə üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Bunlar “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisaslarıdır.

Əvvəllər Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) Fizika və riyaziyyat fakültəsi var idi. Həmin fakültədə tələbələr riyaziyyat və fizika ixtisasları üzrə təhsil alırdılar. Sonradan orta məktəblərdə müəllim işləyənlər ehtiyac olduğu halda hər iki fəndən dərs deyə bilirdilər. Lakin son illərin qaydasına görə, riyaziyyatı tədris edən müəllim paralel olaraq fizikanı da tədris etmək istəyirdisə, bunun üçün əlavə imtahan verməlidir.

Bəs indi bu birləşmə müəllimlərə hər iki fənni tədris etməyə imkan verəcəkmi? Həmçinin, kimya və biologiya ixtisası da birləşə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, kurikuluma əsasən məktəblərdə tədris olunan fənlərin sayı azaldılıb:

“Sovet dönəmində orta məktəbdə hər biri ayrılıqda tədris olunan “Botanika” (bitkilərin quruluşunu, təbiətdə yayılmasını, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm), “Zoologiya” (heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, yaşadığı mühitlə əlaqəsini, fərdi və inkişaf qanunauyğunluqlarını öyrənən elm) və “Anatomiya” (orqanizmin orqanlarının, toxumalarının, hüceyrələrinin quruluşunu və formasını öyrənən elm) fənləri ayrılıqda tədris olunurdu və bu fənlər ümumi Biologiya kursu kimi eyni fənn nüəllimləri tərəfindən tədris olunurdu.

Eyni ilə ayrılıqda tədris olunan “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi”, “Yeni tarix”, “Ən yeni tarix” və onlarla sinxron şəkildə keçirilən  “Azərbaycan tarixi” də eyni ixtisas müəllimi tərəfindən tədris olunurdu. Həmin fənn müəllimləri 5 ildən bir əmək haqqı saxlanılmaqla dövlət hesabına Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarından keçib təkmilləşirdilər.
 

Bazar iqtisadiyyatının tələbləri, heç şübhəsiz ki, təhsilə də təsirsiz ötüşmədi. Bir sıra islahatlar həyata keçirildi. Kurikulumların inteqrativ xarakterini nəzərə alaraq, inteqrativ fənlərin yaradılması fikrinə düşmüşük.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinə əsasən fənlərin sayı azaldıldı. Belə ki, "İnsan və cəmiyyət", "Azərbaycan Respublikasının Konstitusiyası", tədris planından çıxarıldı. "Təbiətşünaslıq" "Həyat bilgisi"nə, "Rəsmxət" "Texnologiya"ya, "Astronomiya" "Fizika"ya inteqrasiya olunmaqla, fənlərin sayı 26-dan 18-ə endirildi”.

Ekspert hesab edir ki, fənlərin birləşdirilməsi bəzən şagirdlərin konkret sahələr üzrə ümumi biliklərini məhdudlaşdırır.

Günay Şahmar, Bizim.Media

Seçilən
76
1
bizim.media

2Mənbələr