Şəkərli diabet xəstələrın müntəzəm istifadə etdiyi qlükometrlərin striptləri apteklərdə qəhətə çıxıb. Onların əksəriyyəti "Medismart Sapphire", "Nimo", FİA Biomed", "Contur TS", "Right", "Contur Puls" şəkərölçənlərinin çubuqlarını əldə edə bilməmələrindən narazıdır.
Qeyd edək ki, qlükometrlər və onun çubuqları TƏBİB-in qeydiyyatında olan diabet xəstələrinə pulsuz verilir. Lakin verilən striptlər yetərli olmur. Çünki hər ay üçün diabet xəstələrinə cəmi 25 çubuq verilir. Xəstələr isə hər gün, bəzən gündə iki dəfə şəkərini ölçmək məcburiyyətindədir. Bu səbəbdən onlar əlavə striptlər almalı olurlar. Əlavə almaq istədikləri çubuqlar isə ya tapılmır, yaxud da xəstələrin büdcəsinə uyğun olmur.
Çünki apteklərdə satılan çubuqların bir qutusu 15-25 manat arasındadır.
Bəs, bu tibbi ləvazimatın qəhətə çıxmasının səbəbi nədir? Yaxud TƏBİB şəkər xəstələrinə verilən qlükometr striptlərinin sayını niyə artırmır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev bildirib ki, qlükometrlər xaricdən alınır. Bu səbəbdən də onların əldə olunmasında qıtlıq yarana bilir:
“Çubuqlar ona görə çatmır ki, biz onları Çin, Almaniya və digər ölkələrdən alırıq. Nə qədər ki, tibbi ləvazimatlar, maddələr öz ölkəmizdə istehsal olunmayacaq, biz xaricdən asılı olacağıq. Bu, reallıqdır”.
Farmakoloq deyir ki, ölkədəki dərman zavodlarının sayı artdıqca, həm dərman istehsalı, həm də tibbdə istehsal olunan ləvazimatların təminatı da artacaq.
TƏBİB-dən isə Bizim.Media-ya bildirdilər ki, hazırda şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı həmçinin, həmin vasitələr və preparatlarla təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilib. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları,inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə tənzimlənir:
“Nəzərinizə çatdırırıq ki, sözügedən Qərar 19 il bundan öncə qəbul olunub. Bu illər ərzində dünya praktikasında şəkərli diabet xəstəliyinin idarəolunmasında dəyişikliklərin olması və öncəliklə ölkədə 2005-ci ildən bəri bu tip xəstələrin sayının 6 dəfə artmasını nəzərə alaraq sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir standartların tətbiqi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Bununla bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müasir tələblərə əsaslanaraq yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar layihəsi və növbəti illər üçün yeni dövlət proqramının layihəsi hazırlanmaqdadır.
Təklif olunan dəyişikliklərə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması həmçinin, müraciətdə qeyd olunan məsələlərin həlli oz əksini tapıb. Bununla yanaşı ilkin səhiyyə xidmətinin gücləndirilməsi və keyfiyyətinin artırılması sahəsində də müvafiq tədbirlər həyata keçiriləcək”.
Rəna Cumaqızı, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta