AZ

Amorim Mazraui haqda qənaətini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın sağ cinah müdafiəçisi Nussair Mazraui haqda fikrini bildirib.

Arena.az İngiltərə nəhənginin sükanı arxasına yenicə gətirilmiş portuqal mütəxəssisin 27 yaşlı mərakeşli futbolçu barədə fikrini təqdim edir:

“Mazraui yüksək səviyyəli oyunçudur. O, oyunu başa düşür. Hücum etməyi bacarır, çox texnikalıdır, müdafiədə və təkbətək mübarizələrdə çox yaxşıdır. Nussair müasir futbolçudur. Düşünürəm ki, o, komandamızın gələcəyidir”, deyə Amorim vurğulayıb.

Yeri gəlmişkən, “Mançester Yunayted”də noyabr ayının ən yaxşı futbolçusu açıqlanıb. Bu ada Nussayr Mazraui layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli müdafiəçi səsvermədə 55 faizlə qalib olub.

27 yaşlı futbolçu ötən ay 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

Nussair Mazraui “Mançester Yunayted”ə 2024-cü ilin avqust ayında 15 milyon avro müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. O, “qırmızı şeytanlar”ın heyətində 20 oyuna çıxıb və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nussair Mazraui peşəkar karyerasına Niderland nəhəngi “Ayaks”da başlayıb. O, “Bayern”ə 2022-ci ilin iyulunda azad agent qismində məhz “Ayaks”dan keçib. Müdafiəçi Almaniya nəhənginin heyətində ümumilikdə 55 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib. Mərakeşli futbolçu münhenlilərlə 2022/2023 mövsümündə Bundesliqanın və Almaniya Super Kubokunun qalibi olub. Mazraui “Ayaks”ın heyətində Niderlandda da çoxsaylı titullara sahib çıxıb.

Nussair Mazraui 2018-ci ilin sentyabr ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 31 oyuna çıxıb, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Nussayr Mazrauini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
36
arena.az

1Mənbələr