AZ

"Fransa səfirinin Ermənistanda fars hegemoniyasını dəstəkləməsi narazılığa səbəb olur" - "The Yerusalem Post"

Fransanın Ermənistandakı səfirinin diplomatik paylaşımları regiondakı gərginliklər fonunda "Paris"-"Tehran" əlaqələrinin güclənməsini nümayiş etdirir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə İsrailin "The Yerusalem Post" qəzetində Yaxın Şərq üzrə tanınmış mütəxəssis və siyasi şərhçi Mordeçai Kedarın məqaləsində deyilir.

Müəllif daha sonra yazır:

"Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi (Olivier Decottignies) yaxınlarda İrəvandakı Göy Məscidlə bağlı sosial şəbəkədə iki paylaşım edib. O, paylaşımında yazıb: "İrəvanın Göy Məscidinin bağlarında, Ermənistanın fars irsinin rəmzi.” İkinci paylaşımı isə daha çox narazılığa səbəb olub. Diplomat İranın xəritəsini təsvir edən bir şəkil paylaşaraq, Qərbi Azərbaycan əyalətini qırmızı ilə işarələyib və qeyd edib: "31 əyalətdən biri olan İranın Qərbi Azərbaycan vilayəti, mərkəzi və ən böyük şəhəri Urmiyadır.”

Bu paylaşımlar azərbaycanlılar arasında narazılığa səbəb olub. Çünki İrəvandakı Göy Məscid azərbaycanlılar tərəfindən inşa edilib. Onu "fars” olaraq təqdim etmək Fransanın regionda fars müstəmləkəçiliyini dəstəklədiyini göstərir.

Bundan əlavə, fransız diplomatın Qərbi Azərbaycanı İranın bir hissəsi kimi təqdim etməsi də azərbaycanlıların qəzəbinə səbəb olub.

1980-ci illərdə Azərbaycan icmasının sıxıntıları

1980-ci illərdə Ermənistanın hazırkı ərazisində 250.000-dən çox etnik azərbaycanlı yaşayırdı. Lakin 1987-1988-ci illərdə bu insanlar zorla bu ərazilərdən çıxarıldı. Deportasiyadan sonra ermənilər Azərbaycan irsini tamamilə silməyə çalışdılar.

Bu cəhdlərdən biri də tarixi Azərbaycan məscidlərini, o cümlədən İrəvandakı Göy Məscidi "fars” məscidi kimi təqdim etmək idi. Ermənistan bu addımla İranla müsbət münasibətlər qurmağa çalışırdı. Halbuki, Azərbaycanla açıq münaqişə vəziyyətində idi.

Fars təsirinin genişlənməsi

Farslar Ermənistanın bu addımlarını dəstəkləyərək, Cənubi Qafqazda müstəmləkə təsirini genişləndirmək üçün istifadə etdilər. Fransız diplomat isə bu yanaşmanı sosial media paylaşımlarında vurğulamaqla kifayətlənmədi, həmçinin Urmiyanın – İranın Qərbi Azərbaycan vilayətinin ən böyük şəhərinin – Azərbaycanla əlaqəsini də inkar etdi.

Sosial media paylaşımları Fransanın regionda fars hegemoniyasını dəstəklədiyini göstərir. Bu isə Qərbin Tehran əleyhinə siyasətinə ziddir və İranın təsir dairəsinin genişlənməsinə qarşı mübarizəni çətinləşdirir.

Fransa-İsrail münasibətləri və ziddiyyətlər

Fransa Prezidenti Emmanuel Makronun (Emmanuel Macron) İsraili tənqid etməsi və eyni zamanda Tehranın lehinə paylaşımlar edən bir səfir təyin etməsi Parisin siyasətində ziddiyyətlər yaradır. Makron, oktyabrın 7-də baş verən terror hücumlarının ildönümündən iki gün əvvəl Qərb ölkələrinə İsrailə silah tədarükünü dayandırmağı tövsiyə etmişdi.
 

Bundan başqa, Fransa may ayında İsrailin Parisdə keçirilən "Eurosatory” beynəlxalq silah sərgisində iştirakını qadağan etdi. Hərçənd məhkəmə bu qərarı ləğv etsə də, hüquqi proses İsrail şirkətlərinin sərgidə iştirakına mane oldu. Fransız diplomatın sosial media paylaşımları ilə birlikdə bu addımlar Fransanın simpatiyalarının harada olduğunu açıq şəkildə göstərir.

İran təsirinin artması

Ermənistanda Rusiya təsirinin zəifləməsi fonunda yaranan boşluğu İran doldurur. Bu isə regionda İranın mövqelərini daha da gücləndirir.

Belə bir şəraitdə Fransanın Ermənistanda fars hegemoniyasını dəstəkləməsi İranın təsir dairəsini genişləndirir. İsrailin isə İran təsirinin zəiflədiyini görmək istədiyi bir vaxtda bu siyasət onun üçün mənfi nəticələr doğurur.

Paris artıq İranın dəstəklədiyi qüvvələrə simpatiyasını kənara qoymalı və Tehran əleyhinə daha qətiyyətli mövqe sərgiləməlidir. İranın və onun proksilərinin – "Hizbullah”, "Həmas”, "İslami Cihad” və "Husilər”in – mövqelərini gücləndirmək əvəzinə, Fransanın bu təsirə qarşı çıxması vacibdir".

Seçilən
18
3
qaynarinfo.az

4Mənbələr