"Azərbaycan milli telekanalları son illər çox mürəkkəb, sürətli inkişaf dövrünü keçdi". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, onlar istər qonşu Rusiya, istər qardaş Türkiyə, istərsə də Avropa və Qərb telekanallarının efir incəliklərini, texnologiyalarını, mədəniyyətini mənimsəyərək bir qədər də onu milliləşdirdilər: "Bəzi vaxtlarda çox keyfiyyətli verilişlərlə tamaşaçıları sevindirdilər, əksər hallarda isə cəmiyyətin intellektual və savadlı kəsimini qane etməyən bir çox verilişlərlə də toplumun etirazına səbəb oldular. Bütün bunlara rəğmən dünya televiziyasında gedən proseslər Azərbaycanda da gedir. Hazırlanan verilişlər, proqramların səviyyəsi bir az yuxarı, bir az aşağı ola bilər. Unutmayaq ki, telekanallar biznes strukturudur, onlar öz əməkdaşlarınızı saxlamaq üçün çox bahalı, texniki avadanlıqlar almaq və onlara xidmət etmək üçün efir məsrəflərini əməkdaşların əməkhaqqını, fəaliyyət göstərdikləri binanın təmiri və digər texniki işçilərin məvacibini vermək üçün komissiya xarakterli yayıma xüsusi üstünlük verməlidirlər. Bizim üç dövlət kanalımız var. Aztv və onun ətrafında olan İdman, Mədəniyyət kanalı, Azərbaycan Dövlət radiosu, eyni zamanda İctimai kanal və İctimai radio var. Bunlardan kənar ümumrespublika yayımını təşkil edən özəl kanallarımız var. Əgər biz bunlardan yalnız mədəniyyət, təhsil, tarixlə, klassik ənənələrlə bağlı efir verilişləri istəsək, onlar yaxın üç ayda bankrot olacaqlar və hər biri bağlanmalıdır. Bu isə çox təhlükəli haldır. Bunu istəmək olmaz. Çünki dünya televiziyası o dəqiqə boşluğu dolduracaq.
Vaxtilə Azərbaycan teleməkanı qapı-pəncərələri açıq olan karvansaraya oxşayırdı. Kim istəyirdisə gəlib girirdi. Müxtəlif zərərli, dini verilişlər gedirdi. İndi audivizual şuranın yaradılması və dövlətin televiziya mədəniyyətinə xüsusi marağı, dəstəyi, nəzarəti bu yöndə xaotik vəziyyəti düzəltdi. Kanallarımızda bir çox sosial, şou verilişlər var ki, onlar bəzən etikadan kənar buraxılışlar edirlər. Amma onları bağlamaq, ictimai qınağa tuş gətirməklə iş düzəlmir. Mərhələli şəkildə dəyişiklik olacaq".
"Əgər hansısa sosial verilişi xoşlamırsınızsa, əlinizdə pult var, evinizdə internetə giriş var. Dünyanın istənilən kanalına baxa bilərsiniz. Biz sevinməliyik ki, hər bir sahədə olduğu kimi televiziya məkanında da rəqabəti təmin edək. Müxtəlif kanallarda müxtəlif proqramlar olsun. Onlar öz səviyyəsi ilə seçilsinlər. Azərbaycan televiziyasının çox yaxşı verilişləri var. Onların çoxunda iştirak edirəm. Orada çox ciddi, ictimai, sosial, mədəni, etik və mental dəyərlərlə bağlı diskussiyalar gedir. Amma bunların toplumun marağını təmin etməsi başqa məsələdir. Tamaşaçıların istədiyi sosial məsələlərdir. Çünki insan həmişə ədəbiyyat, sənət, kinoya da maraqlı olub. Hər zaman da incəsənətin müxtəlif istiqamətlərində yaradılan ədəbi-bədii sənət nümunələri məhz insan taleyi ilə bağlıdır. Çox qəribədir ki, Sovet dövrünün boz verilişlərinin xiffətini çəkən bir çox insanlar ortaya çıxıblar. Halbuki, onların evinə kamera qoysaq, görəcəyik ki, onlar da sosial verilişlərə, bəyənmədikləri şou proqramlara baxırlar. Əgər baxmırlarsa, o zaman nəyi tənqid edirlər? Bir çox insanlar özlərini ağıllı göstərmək üçün Azərbaycan kanallarına baxmadıqlarını, Türk, Rus kanallarına baxdıqlarını deyirlər. Onlardan soruşmaq lazımdır ki, türk, rusun problemi nəyinə lazımdır? Bəyənmədiyiniz sosial verilişlərə çıxan insanları görəndə şəkil çəkdirirsiniz, sosial şəbəkələrdə paylaşırsınız. Həmin müğənniləri siz toylarınıza çağırırsınız. İndi özlərini ağıllı göstərmək üçün belə edirlər. Bu, saxtakarlıq cəmiyyətin heç də inkişafına yox, onun aşınmasına gətirib çıxarır. Cəmiyyət özü formalaşmalıdır. Onun elektron güzgüsü sayılan televiziyanı sındırmaqla, kəskin tənqid etməklə yox, öz həyatlarında baş verən problemləri düzəltməlidirlər. Ondan sonra televiziyadan yüksək səviyyə tələb etməlidirlər.
Heç kim qatığına qara demək istəmir. Hamı ütülənmiş sözlər deyir. Ona görə də, bu, tamaşaçılar üçün maraqlı deyil. Reytinq gətirmir. Televiziya proqramlarının müəllifləri də məcbur olur ki, elə insanları yox, müəyyən mənada ictimai fikri göstərən, öz sözünü deyə bilən, mövqeyini ortaya qoyan insanları dəvət etsinlər" - deyə o, əlavə edib.