Son 18 ildə Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı azalıb.
“Cebheinfo.az”-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, 2005-2006-cı illərdə ölkəmizdə 4550 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib, 2023-2024-cü illərdə isə bu say 4422 olub. Həmin müəssisələrdə təhsil alan şagirdlərin isə sayı 1583628-dən 1704217 nəfərə yüksəlib.
Statistikalar göstərir ki, bu illər ərzində liseylərin sayı artaraq 63-dən 119-a çatıb. 18 il ərzində təhsilalanlar arasında qızların sayının artması da müsbət göstəricidir. Belə ki, 2005-2006-cı illərdə təhsil alan qızların sayı 752822, 2023-2024-cü illərdə isə 794583 nəfər olub. Şəhər yerlərində təhsil alan qızların sayı 393235 nəfərdən 510726 nəfərə, kənd yerlərində isə 359587-dən 283857-ə enib.
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, son vaxtlar qızların təhsil alması ilə bağlı müəyyən addımlar atılır:
"Yaxşı hal budur ki, Təhsilin İnkişafı Fondu qızlarla bağlı layihə hazırlayır, eyni zamanda qeyri-hökümət təşkilatları bu istiqamətdə işlər aparır. Müşahidə olunduğu kimi, şəhər məkəblərində şagirdlərin, xüsusilə qızların sayında artım olsa da, bölgələrdə olan məktəblərdə vəziyyət belə deyil. Yəni ki, qızların təhsilalma əmsalı aşağı düşüb. Burada fərqi yaradan əsas məsələlərdən biri bölgələrdə iş olmamasıdır. Buna görə də valideynlər şəhərlərə üz tuturlar, bu da müəyyən qədər boşluq yaradır.
Başqa bir hal da bəzi regionlar erkən nikahların çoxluq təşkil etməsidir.
9-cu sinifdən sonra qızların məktəbə getməsində ciddi problemlər yaranır".
Ekspert qeyd edib ki, ümumitəhsil məktəblərinin sayının azalması da bu məsələlərlə əlaqəlidir:
"Şagird sayı az olan məktəblər böyük məktəblərlə birləşdirilir, ucqar kəndlərdə isə bəzi məktəblər əhali şəhərdə məskunlaşır deyə, ümumiyyətlə bağlanılır. Buna görə də kifayəq qədər boşluqlar yaranıb.
Ümumiyyətlə, şagird sayı üç, beş və on nəfərdən ibarət olan məktəblər fəaliyyətini dayandırılıb".