AZ

“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransının açılışı olub.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirib.

O, Qərbi Azərbaycan İcması olaraq öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə apardığını deyib: "Təşkilatımız 1989-cu ildən fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə 2022-ci ilin dekabr ayında İcmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir", - deyə Ə.Ələkbərli diqqətə çatdırıb.

O vurğulayıb ki, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb.

"Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik", - deyə o vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib: "Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq", - deyə M.Çavuşoğlu qeyd edib.

O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: "Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Seçilən
22
3
xalqqazeti.az

4Mənbələr