Təşkilat Azərbaycan hökumətini hüquq müdafiəçisini dərhal azad etməyə çağırır
"Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini tənqid edib.
O bildirib ki, Azərbaycan hakimiyyəti hüquq müdafiəçisini dərhal azad etməlidir: "Rüfət Səfərovun qondarma dələduzluq və xuliqanlıq ittihamı ilə həbsi Azərbaycan hakimiyyətinin ölkədə fərqli səsləri susdurmaq üçün cəhdlərinin daha bir bariz nümunəsidir. Rüfət Səfərovun əsassız həbsi hüquq müdafiəçilərinin işinə xələl gətirmək, ölkədə insan haqlarının vəziyyətinin monitorinqinə mane olmaq, hakimiyyətə həqiqəti söyləməyə cəsarət edən hər kəsi qorxutmaq məqsədi daşıyır”.
"Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal azad etməlidir, çünki o, sırf öz insan hüquqlarının dinc şəkildə həyata keçirilməsinə görə saxlanılır. Səlahiyyətlilər ölkədə hər kəsin insan hüquqlarına, o cümlədən ifadə və birləşmək azadlığına hörmət etməli, onları qorumalı, təşviq etməli və yerinə yetirməlidir. Hüquq müdafiəçilərinin və hökuməti tənqid edənlərin təqib edilməsi ədalət prinsiplərini aşındırır və beynəlxalq insan hüquqları standartlarını sarsıdır”, – Mari Strazers bildirib.
"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.
Növbəti gün, dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.
Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.
O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.
O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən "Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib.
Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.