İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası dekabrın 6-da Minskdə keçiriləcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iclasa sədrlik edəcəklər. İclasda Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin İttifaq quruculuğunun gedişi və gələcək inteqrasiya qarşılıqlı fəaliyyətinin perspektivləri də nəzərdən keçiriləcək.
"Vahid elektrik enerjisi bazarının formalaşdırılması, malların qeyri-qanuni idxalına qarşı mübarizə, istehlakçıların hüquqlarının qorunması üçün vahid qaydaların tətbiqi və rabitə xidmətləri üçün rahat tariflərin tətbiqi ilə bağlı bir sıra konkret qərarların qəbul edilməsi planlaşdırılır", - deyə Kreml bəyan edib.
İclas İttifaq dövlətinin yaradılması haqqında sazişin 25-ci ildönümünə təsadüf edir.
Gülşən Şərif