AZ

Sürprizsiz yarış – o “əjdahalar”dan bizdə yoxdur

Ölkə kuboklarının keçirilməsindəki məqsədlərdən biri də aşağı liqalarda mübarizə aparan klubların titul qazanmaq şanslarını artırmaqdır. Dünya futbolunda dəfələrlə bunların şahidi olmuşuq. Özündən qat-qat güclü rəqiblərə əzmkarlığı, istəyi ilə qalib gələnlər hər zaman ölkədə adından söz etdirməyi bacarıb.

Lakin bu tendensiya nədənsə Azərbaycanda keçərli olmur. Bu mövsüm ölkə kubokunda artıq 1/8 final mərhələsinə yekun vurulub. Kubok mübarizəsində qalan 8 komandanın hər biri Premyer Liqa təmsilçiləridir.

1/8 finalda I Liqadan “İmişli”, MOİK, “Qaradağ Lökbatan”, “Mingəçevir” və “Difai” turnirlə vidalaşıb.

Ötən mövsüm elitanı tərk edən və I Liqada iddialı olan “Qəbələ” kubokda “Qarabağ”a diş keçirə bilməyib. Aşağı liqanın digər iddialısı “İmişli” isə hər nə qədər yaxşı oynasa da, “Kəpəz” səddini aşa bilmədi. Kubokda istər bundan əvvəlki təsnifatda, istərsə də 1/8 finalda demək olar, favoritlər qələbə qazandı, sürpriz yaşanmadı. Daha bir mövsüm kubok mübarizəsi “elitaçılar” arasında geedəcək.

Düzdür, futbol güclünün qazandığı, bəzən də şansın kiçiklərin yanında olduğu bir oyundur. Bunu maraqlı edən isə sensasiyaların olmasıdır. Bu baxımdan Azərbaycan futbolu korluq çəkir desək, yerinə düşər.

Məsələn, Türkiyədə 3-cü liqa klubu “Orduspor” bu mövsüm Super Liqada “böyüklər”ə güc gələn, onlardan xal alan “Samsunspor”a səfərdə qalib gəlib, mərhələ adlayıb. Bundan əlavə, Super Liqanın digər təmsilçisi “Sivasspor” həmin – 3-cü liqanın “Silivrispor” klubuna uduzub. Hər tur sürprizlərin yaşandığı yarış…

Almaniyada da belə hallara tez-tez rast gəlmək olur. Demək olar, hər il bir aşağı liqa klubu sürprizlərə imza atır. Ötən mövsüm III liqadan “Saarbrüken” “Bavariya”, “Ayntraxt”, “Borussiya” (Münhenqladbax) kimi komandaları mübarizədən kənarlaşdırıb, bir müddət adını gündəmdə saxlamışdı. Bu il isə “Arminiya” bu baxımdan yaxşı işlərə imza atır. III Liqada yarışan komanda əvvəl Berlin “Yunion”unu, bir neçə gün öncə isə “Frayburq”u inamlı qələbə ilə keçə bilib. Bunlar futbolun meydanda oynanıldığı və istəyin keyfiyyətin önünə keçdiyi anlardandır…

Şahin Cəfərov

Seçilən
34
futbolpress.az

1Mənbələr