AZ

Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb

Bağda xarici ölkələrdən gətirilmiş müxtəlif növ nadir dekorativ ağac, kol və güllər əkilib


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün guşələrində və xüsusi olaraq paytaxt Bakıda yeni meqa parklar, yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir, bir sözlə, Bakı parklar şəhərinə çevrilir.


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Qeyd edilib ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.


Təmir zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.


Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.


Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.


Qeyd edilməlidir ki, həyata keçirilən bu kimi layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Seçilən
45
24
ekologiya.az

10Mənbələr