AZ

Koroğlu Rəhimov küçəsində obyektin parkinqinə çevrilən piyada səkisi - Hansı tədbirlər görüləcək? - FOTO

Koroğlu
Ölkəmizdə avtomobillərin sayı günü-gündən artır. Avtomobillərin sayının artması özü ilə birgə bəzi problemləri ortaya çıxarır. Bunlardan ən əsası piyada təhlükəsizliyidir. Bəzi sürücülər və şirkətlər öz avtomobillərini park etmək üçün piyadaların hərəkət etdiyi səkilərdə saxlayaraq təhlükəli vəziyyət yaradırlar. Belə hallardan biri də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 70 ünvanında yaşanır. Ərazidə avtomobil icarəsi ilə məşğul olan sahibkarlıq obyekti tərəfindən piyada səkisi zəbt olunur.
Sakinlər bildirib ki, bir müddət əvvəl Baku TV problemi işıqlandırıb. Elə reportaj vaxtı DYP tərəfindən cərimə yazılaraq avtomobillər ərazidən yığışdırılıb. Çəkilişin olduğu gün avtomobillər ərazidən yığışdırılsa da, növbəti gündən vəziyyət yenə də eyni olub. Görünən odur ki, qaydaları pozaraq səkini zəbt edən obyekt əməkdaşları üçün piyadaların təhlükəsizliyi və onların rahat hərəkəti əhəmiyyət daşımır. 1news.az-a müraciət edən sakinlər aidiyyəti qurumlardan yardım istəyir. Məsələ ilə bağlı 1news.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bu məsələ diqqətdə saxlanılır: “Təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi nəqliyyat vasitələrinin sürücüləri piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobillərini saxlayaraq onların hərəkətinə mane olurlar. Bu, qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır. Əlavə olaraq qeyd edim ki, həmin ərazidə əməkdaşlarımız tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilib və bundan sonra da tez-tez keçiriləcək”.
Toğrul Nəsirli
Qeyd edək ki, məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat almaq üçün zəng etsək də, cəhdlərimiz boşa çıxdı. Qeyd olunan nömrələrdə dəstəyi açan olmadı. Jurnalistika prinsiplərinə uyğun olaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin və ya ərazi üzrə məsul olan başqa qurumun açıqlamasını dərc etməyə hazırıq. Ümid edirik ki, sakinlərin probleminin həlli istiqamətində addım atılacaq.
Seçilən
27
1news.az

1Mənbələr