Lənkəra–Astara Regional Mədəniyyət, Gənclər və İdman idarələrinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Lənkəranda Ləvəngi Festivalı keçirilib.
Özünəməxsus kulinariya bayramında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq-mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Cənub bölgəsinin, o cümlədən Lənkəranın ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.
Qeyd edək ki, 2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Lənkəran mətbəxinin zənginliyinin tanıdılması istiqamətində indiyədək çoxsaylı tədbirlər keçirilib və işlərin davamı kimi təşkil olunan festivala istər yerli sakinlər, istərsə də şəhərin qonaqları böyük maraq göstəriblər.
Festivalda Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad rayonlarında, Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri, folklor nümunələri səsləndirilib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov festivalla bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib:
– Ləvəngi hazırlamaq ənənəsinin mədəni bir adət kimi gələcəyə ötürülməsi davam edir. Uşaqların oturub əməli şəkildə bu işi görməsi fərəh doğurur. Mən burada yeni-yeni ləvəngi növləri də gördüm. Çox xoşuma gələn növlərdən biri də ləvəngi çörəyi oldu.
Görünən budur ki, gözəl, günəşli bir gündə “Cənub mirvarisi” adlanan şəhər daha bir mədəniyyət örnəyi ilə könülləri riqqətə gətirib.
Ə.ƏLİYEV
XQ