AZ

Rəqəmsal siyasət...

Rabitə və texnologiya  işçilərinin bayramıdır

Azərbaycan rabitəsinin zəngin tarixi kökləri var. Hələ 1303-cü ildə Qazan xan Hülakülər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə Şah İsmayıl Xətai poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməlini qoyub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsi o dövrün tələblərinə uyğun qurulub. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul edib. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olub.

Ölkəmizdə İKT infrastrukturunun yaranması

Ölkəmizdə rabitənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilib. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı inkişaf etdirilib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqlarının və Respublika üzrə yüzlərlə poçt şöbəsi binasının inşası məhz həmin dövrə təsadüf edir.

Azərbaycan müstəqillik qazanandan sonra da Heydər Əliyev rabitə sahəsinə xüsusi diqqət göstərib. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub.

Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri Heydər Əliyevin 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın” təsdiq edilməsi haqqında sərəncamı olub. Ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.

Rabitə işçilərinin sayı 32 min nəfəri ötüb

Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə isə bu tərəqqi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət alıb. Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi Prezidentin 2006-cı il 2 dekabr tarixli müvafiq sərəncamına uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dekabrın 6-nın bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürü idi. Görülən işlərin nəticəsidir ki, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir.

Ölkə başçısının rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Bunun nəticəsidir ki, Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri ötüb. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul olunub. Ölkəmizdə vətəndaşlar İKT vasitələri ilə, eləcə də yüksəksürətli internet, kompüter, mobil telefonlar və digər rabitə avadanlıqlarla təmin edilir.

Son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib.

Nağdsız ödənişlərin sayı artıb

Ölkəmizdə aparılan islahatlar nəticəsində əhalinin rəqəmsal bacarıqları da artırılıb. Bu istiqamətdə ölkənin bütün regionlarında təlimlər, təqaüd proqramları təşkil edilib. Həmçinin Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi - “E-gov Pay” yaradılıb və istifadəyə verilib. Belə ki, Azərbaycanda nağdsız ödənişlərin məbləği artıb. Ölkədə internetdən istifadə və bilavasitə elektron ticarətin həcmi dəfələrlə yüksəlib. Həyata keçirilən nağdsız ödənişlərin 4107 milyon manatdan çoxu elektron ticarətin payına düşür.

Bundan başqa, 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb. Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək və onlayn xidmətlərdən istifadəni təşviq etmək məqsədilə SİMA adı altında “bulud” əsaslı yeni nəsil rəqəmsal imza istifadəyə verilib.

İnternet provayderlərinin sayı 150-ni ötüb

Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 150-ni ötüb. Əhalinin 88 faizi internet, eyni zamanda, genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100 faiz, 3G şəbəkəsi üzrə əhatə 99.8 faiz, 4G şəbəkəsi üzrə əhatə 94 faiz təşkil edir.

Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 80 faizdən çoxdur. Yüksəksürətli internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Onlayn Azərbaycan” layihəsinə başlanılıb. Artıq ev təsərrüfatlarının 50 faizdən çoxunun yüksəksürətli internet xidmətlərinə çıxışı təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə mobil infrastruktur, fiber-optik kabel şəbəkəsi, müasir standartlara cavab verən telekommunikasiya qovşaqları yaradılıb, televiziya və radio proqramlarının yerüstü yayımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir.

Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Rabitə və texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

Yeganə BAYRAMOVA

Seçilən
34
yeniazerbaycan.com

1Mənbələr