Noyabrın 27-dən dünyanın diqqəti Suriyaya yönəlub. “Heyət Təhrir əş-Şam” (HTŞ) və ya “Dəməşqin Azadlıq Heyəti” kimi tanınan müxalif silahlı qruplaşma əvvəlcə Suriyanın ikinci ən böyük şəhəri olan Hələb, dünən isə strateji ərazidə yerləşən Hama şəhərinə nəzarəti ələ keçirməklə diqqəti bölgəyə çəkib. HTŞ-nin artıq Hüms şəhərinə doğru da irəlilədiyi bildirilir.
Suriyada baş verənləri Modern.az-a şərh edən türkiyəli general Yücel Karauz bildirib ki, hər hansı terror qruplaşması bir ölkəyə çalışırsa, demək başqa dövlətə də işləyə bilər:
“Suriyada 2011-ci ildən bəri prezident Bəşər Əsəd tərəfindən yürüdülən siyasət nəticəsində təxminən 10 milyona yaxın insan qaçqın düşüb. 10 milyon qaçqından təqribən 6-7 milyonu Türkiyə, digər qismi isə başqa ölkələrə qaçmağa məcbur qalıb. Hələb, Tel Rifat, Hama kimi yerlər bəzən rejimin, bəzən Rusiyanın, bəzən də ABŞ-nin idarə etdiyi güclərin - PKK və YPG-nin nəzarətinə düşüb.
Türkiyə uzun müddətdir ki, Suriya rejiminin başçısı Bəşər Əsədə qeyri-şərtsiz görüşmə tələb edir. Buna baxmayaraq, Bəşər Əsəd müxtəlif şərtlər irəli sürərək, Rusiya ilə koordinasiyalı şəkildə Türkiyə ilə görüşməyi qəbul etməyib. Təbii ki, dəyişən balanslar çərçivəsində 10 müxalif qrup, xüsusilə də, Türkiyəyə yaxın olan Azad Suriya Ordusu, eləcə də ABŞ və bizim tərəfimizdən terror siyahısına salınmış HTŞ tərəfindən rejim ünsürlərinə və PKK/YPG-yə qarşı əməliyyatlar başladıldı. Çox qısa vaxtda Şamdan sonra ən böyük şəhər olan Hələb, Tel Rifat və Hamaya doğru irəliləyişlər oldu. Bu regionlar təmizləndi. Əməliyyatlar qısa müddətdə əldə olunan hərbi uğurlardır. Türkiyənin baxış bucağı Suriyanın ərazi bütövlüyündən tərəfdir. Əsədə də ərazi bütövlüyünü təmin etməsi, təqribən 3-4 parçaya bölünmüş ölkəni bir araya toplaması üçün görüş çağırışı davamlı şəkildə yenilənməkdədir”.
General baş verənlər nəticəsində itirən tərəflərin olduğunu vurğulayıb:
“Baş verənlər seviniləcək hal deyil. Türkiyənin siyasəti məlumdur. Sərhədlərimizdəki separatçı terror qruplaşmaları ilə qonşu olmaq istəmirik. Suriya bölünüb, parçalama siyasəti əslində, Böyük Yaxın Şərq Layihəsinin tərkibi hissəsidir. Bu hadisələr nəticəsində insanların 9 il sonra öz torpaqlarına qayıtması gözəl haldır. Lakin təbii ki, hər mücadilədən sonra bir qənimət paylaşımı var. Bu bölgələrdə də çox güman ki, iqtidar, varlıq mücadiləsi olacaq. Bu da orta müddətdə imperial qüvvələrin işinə xidmət edər. Terror qruplaşması bir ölkəyə çalışırsa, deməli sabah başqa ölkəyə də işləyə bilər. Bunu onsuz da gördük.
Bu hadisələrə Türkiyənin yüz faiz töhfəsi yoxdur. Bu işi təşkil edən ölkə kimi Türkiyənin göstərilməsi böyük yanılma və dövlətimizə qarşı haqsızlıqdır. Kaş ki, məsələlər "Astana formatı" proseslərinə uyğun inkişaf edərdi və hadisələr bu günlərə gəlməzdi. İtirən ölkələr var. Belə ki, İranın Livandan sonra Suriyada da təsirləri gün keçdikçə azalmaqdadır. Ruisya da itirib. Mövcud hadisələr çərçivəsində Əsəd rejimi də uduzub, mövcud pozisiyalarından geri çəkilməyə məcbur olub. Hadisələr diqqətlə izlənilməlidir. Baş verənlərə sevinmək lazım deyil”.
Y.Karauz Türkiyənin nə zaman müdaxilə edə biləcəyindən də danışıb:
“Ölkə parçalanmaq üçün hazır vəziyyətə gətirilir. Əgər Türkiyənin milli təhlükəsizliyini təhdid olarsa, ölkəmiz təsirli tədbirlər görəcək. Türkiyə Suriya ilə qonşudur. Bu bölgələrdə Türkiyənin rizası, təsdiqi olmadan baş verən, ölkəmizə təhdid təşkil edən hadisələrə qarşı dövlətimiz səssiz qalmaz. Əsədin də Türkiyə ilə şərtsiz görüşməkdən başqa şansı qalmayıb”.