AZ

Pərvanə Vəliyeva Sen-Martenin müstəqilliyinə dair: "Həyatlarını formalaşdırmaq hüququna layiqdirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neokolonializm və müstəmləkəçiliyin bütün formaları müasir dünyada rədd edilməlidir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva "Sen-Martendə Fransa və Niderlandın müstəmləkə hökmranlığı - bir ada, bir xalq, bir tale" adlı tədbirdə çıxışı zamanı deyib.
Pərvanə Vəliyeva Karib dənizindəki Sen-Marten adasında davam edən müstəmləkəçiliyi (kolonializm) kəskin şəkildə pisləyib.
O, Fransa və Niderland müstəmləkəçiliyinin müasir dünyada hökmranlığın ən dağıdıcı formalarından olduğunu vurğulayıb.
"Müstəmləkəçilik sadəcə işğal deyil. Bu, insanları asılı vəziyyətə salan və qeyri-bərabərliyi artıran bir sistemdir. Fransız müstəmləkəçiliyi Sen-Marten sakinlərini tamamilə assimilyasiyaya, öz mədəniyyətindən və identikliyindən uzaqlaşmağa məcbur edib. Siyasi həbslər, məcburi köçkünlük, insan hüquqlarının pozulması, ekosid, genosid (soyqırımı) - bunlar bu adadakı insanların hər gün qarşılaşdıqları müstəmləkəçiliyin ancaq bəzi nümunələridir", - deyə deputat bildirib.
Pərvanə Vəliyeva qeyd edib ki, bəşəriyyətin kosmosu tədqiq etdiyi XXI əsrdə Sen-Martenin Fransa ilə Niderland arasında bölüşdürülməsi bütün dünya üçün utancvericidir. Müstəmləkə bölünməsinə baxmayaraq, adanın əhalisi birdir və oxşar taleyi yaşayır.
"Biz azərbaycanlılar olaraq SSRİ dövründə müxtəlif növ müstəmləkəçiliyə qarşı eyni şəkildə mübarizə aparmışıq. Biz sizin dərdinizə şərikik, çünki müstəmləkəçilik travmasını yaşamayan xalq yoxdur", - deyə o bildirib.
Pərvanə Vəliyeva Fransa və Niderlandı Sen-Martenin yerli əhalisinə münasibətdə mövqelərini aydınlaşdırmağa, BMT-nin dekolonizasiyaya dair qətnaməsini yerinə yetirməyə, ada sakinlərinə öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu verməyə çağırıb.
"Sent-Marten xalqı öz həyatlarını, şəxsiyyətlərini və mədəniyyətlərini formalaşdırmaq hüququna layiqdirlər. Haqqın yolunu tutun: mənim torpaqlarım, mənim qaydalarım, mənim hüquqlarım. Neokolonializm və müstəmləkəçiliyin bütün formaları müasir dünyada rədd edilməlidir", - deyə deputat fikrini yekunlaşdırıb.
Rufina Abdullayeva
Seçilən
74
19
oxu.az

9Mənbələr