AZ

Simasını dəyişən, yaxud maskalanan HTŞ - Təhlil

Simasını

Hələb şəhəri və onun möhkəmləndirilmiş qədim yerləri əsrlər boyu bir çox işğalçı ordular tərəfindən ələ keçirilib. Həmin orduların hər biri müxtəlif hökumət ideyaları və konsepsiyaları gətirib.

Hələbi ən son fəth edən Əbu Məhəmməd əl-Colani Çərşənbə günü qalanın pilləkənləri ilə enərkən Suriya inqilab bayraqlarını dalğalandıran tərəfdarlar tərəfindən sıxışdırılıb.

Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.

Britaniya nəşrinin təhlilində qeyd olunur ki, qiyamçı lider Suriya hökumət qüvvələrinə dramatik, gözlənilməz hücumu təşkil edib və bu, keçən həftə Suriyanın ikinci ən böyük şəhərinin tutulmasına gətirib çıxarıb:

Onun qruplaşması – “Heyət Təhrir əl-Şam” (HTŞ) və müttəfiqləri o vaxtdan bəri hücumlarını davam etdirərək, cənubdan Həma şəhərinə doğru irəliləyirlər.

HTŞ artıq 2017-ci ildən bəri üsyançıların nəzarətində olan İdlib əyalətinin şimal-qərbində müxalifət administrasiyasına üstünlük təşkil edən idarəçilik təcrübəsinə malikdir.

Bu hakimiyyət - və həqiqətən də ona yönəlmə - həm HTŞ, həm də Colanini son 10 ildə transformasiyaya başlamağa sövq edib. Baxmayaraq ki, bəziləri bu dəyişikliyin nə qədər dərin olduğunu şübhə altına alır.

Bir vaxtlar “Əl-Qaidə” və onun transmilli cihadına bağlı olan Colani mötədil qiyamçı rəqiblərini darmadağın edib və bir vaxtlar İŞİD-çi olub.

Bununla belə, Colani və onun güclü silahlı qruplaşması Suriyanın müxtəlifliyinə və azlıqların qorunmasına sadiqliklərini iddia edir, milli lider imici yaratmağa çalışır.

“Beynəlxalq cihad”dan aralı durma

“Levantın Azadlığı Komitəsi” kimi tanınan “Heyət Təhrir əş-Şam” 2017-ci ilin yanvarında bir neçə siyasi və hərbi Suriya müxalifət qruplarının birləşməsi kimi yaradılıb və onların əksəriyyəti ultramühafizəkar “cihad”çı ideologiyanı rəhbər tutub.

Bununla belə, HTŞ 2012-ci ildə Bəşər Əsədin hakimiyyətinə qarşı çıxmaq və Suriyanı sünni İslam dövlətinə çevirmək üçün Colaninin qurduğu qatı üsyançı qrup olan “Nusra Cəbhəsi” kimi tanınan “Cəbhət ən-Nusra”nın son rebrendidir.

İlk aylarında “Nusra” daha sonra İŞİD-ə çevriləcək İraq qruplaşması ilə koordinasiyada olsa da, 2013-cü ildə “Əl-Qaidə”yə beyət edib, “Nusra” və İŞİD düşmən və rəqib olublar.

Zaman keçdikcə “Əl-Qaidə” etiketi “Nusra”nın üzərinə ağır şəkildə yapışmağa başlayıb və Colani beynəlxalq legitimlik arzusu ilə “Əl-Qaidə”nin transmilli “cihad” ideologiyasından uzaqlaşmağa başlayıb.

“Nusra” 2016-cı ildə “Əl-Qaidə” ilə əlaqələrini rəsmən kəsərək “Cəbhət Fəth əl-Şam” kimi rebrendinq edib və Suriyadan kənarda hücumlar həyata keçirməyə sadiq olan elementləri tədricən kökündən çıxarıb.

“HTŞ milli yönümlü sələfi təşkilatıdır, - bunu Suriya müharibəsində sərt qruplar üzrə ekspert Aymenn Cavad əl-Tamimi deyib. - O, İŞİD və ya “Əl-Qaidə” kimi xilafət yaratmağa çalışmır”.

Əl-Tamimi HTŞ-dən fərqli olaraq, transmilli qrupların milli dövlət anlayışına inanmır:

“Əslində, “Təhrir əl-Şam” daha mötədil, milli yönümlü bir xətt izləməyə başlayanda HTŞ-dən ayrılan “Əl-Qaidə” ilə əlaqəsi olan “Hürrəsəddin” qrupu kimi İŞİD-lə də bəzən döyüşüb”.

HTŞ ABŞ və Böyük Britaniyada terror təşkilatları siyahısındadır.

Sələfi ideologiyası


“Suriya Qurtuluş Hökuməti” kimi tanınan üsyançıların nəzarətində olan İdlib vilayətini idarə edən administrasiyada HTŞ üstünlük təşkil edir.

Mühafizəkar sosial siyasət tətbiq etmək üçün fraksiya sələfi prinsiplərindən istifadə edib.

“Qurtuluş Hökuməti”nin mühafizəkar sosial normaları var. Onlar qadınlara niqab geyindirməsələr də, qadınları hicab geyinməyə çağırırlar”, - deyə əl-Tamimi bildirib.

Suriyadakı silahlı qruplaşmalar üzrə ekspert Cerom Drevon əyalətdəki mövcud təcrübəni qeyd etməyin vacib olduğunu deyib:

“İdlibdə güclü dini normalar var. HTŞ-nin nə etməsindən asılı olmayaraq, insanlar nisbi mühafizəkardırlar”.

Drevon bildirib ki, son illərdə ticarət mərkəzlərində və restoranlarda cinsi fərq aradan qaldırılıb, halbuki Suriyanın şimal-qərbində əvvəlki müxalifət idarəçiliyi zamanı buna icazə verilmirdi. Bununla belə, “Qurtuluş Hökuməti” məktəblərdə gender seqreqasiyası tətbiq edir.

Tədqiqatçıların fikrincə, HTŞ daha sərt islami idarəçilik formalarından, o cümlədən qamçılama və daşqalaq kimi cəzalardan uzaqlaşdırmağa çalışıb.

Colani də daha əvvəl demişdi: “İdarəetmə İslam şəriətinə uyğun olmalıdır, lakin İŞİD və hətta Səudiyyə Ərəbistanının standartlarına uyğun yox”.

Azlıqlara münasibət

HTŞ son hücumundan bəri hakimiyyəti altında olan dini və etnik azlıqları qoruyacağını bəyan edib.

“Gələcək Suriyada müxtəliflik gücümüzdür, zəif tərəfimiz deyil”, - bunu Colani Bazar ertəsi deyib.

Son bəyanatlarda Hələbin xristian və kürd icmalarının qorunmasına xüsusi işarə edilib. Bununla belə, “Nusra” əvvəllər azlıqlara qarşı bir sıra ciddi insan haqları pozuntularında ittiham olunub.

“Cəbhət ən-Nusra” druz azlığının üzvlərini sünni İslamı qəbul etməyə məcbur edib, - deyə Tamimi bildirib. - HTŞ bu siyasəti davam etdirir; o, druzlara öz orijinal dinlərinə qayıda biləcəklərini söyləməyib.

2015-ci ilin iyun ayında druzi icmasının ən azı 20 üzvünü “Nusra” döyüşçüləri öldürüb, bu qətliamı Colani “saxtakar bir komandirin həyata keçirdiyi səhv” kimi səciyyələndirib.

2 il əvvəl Colani camaatın qorxularını aradan qaldırmaq üçün əhalisinin əksəriyyəti druzlardan ibarət olan Cəbəl əl-Summaq bölgəsinə baş çəkib. O, həmçinin əvvəllər druzlardan zəbt edilmiş bəzi evləri geri qaytarıb.

O, İdlibdə evləri ələ keçirilən xristianlara qarşı da oxşar təkliflər verib.

Drevon bildirib: “HTŞ son illərdə açılım edib, xristianlar və druzlarla görüşlər təşkil olunur. Bəzi xristianların evlərini əvvəllər Suriyanın başqa yerlərindən gəlmiş qaçqınlar tutub. HTŞ həmin evlərin bir qismini geri qaytardıb”.

Dini azlıqlara münasibətin “dəyişməsinə” baxmayaraq, hüquq müdafiəçiləri HTŞ-nin rəhbərlik etdiyi “hökumət”in xristianlara qarşı ayrı-seçkilik etdiyini bildiriblər.

Hələbdə 25.000 civarında olduğu təxmin edilən çox sayda xristian var. HTŞ bu qrupa münasibətinə yenidən baxacaq. Drevon qeyd edir ki, bütün gözlər indi HTŞ-dədir:

“Dini azlıqlara daha açıq olmaq Suriya daxilində və beynəlxalq miqyasda icmalara müsbət mesaj göndərməyin bir yoludur”.

HTŞ həmçinin bu həftə Hələb şəhərində yaşayan 100.000 kürdü “Suriya müxtəlifliyinin ayrılmaz hissəsi” sayır və kürd icmalarının yanında olacağını bildirir.

Əslində, bir çox kürd Türkiyənin dəstəklədiyi “Suriya Milli Ordusu”na aid üsyançı qruplaşmalardan daha çox qorxur.

Y. QACAR
Seçilən
72
5
reyting.az

5Mənbələr