AZ

İcra başçısının qohumu Göyçayı “göy əskiyə büküb”

“Göyçay Azərbaycanda həmişə səliqə səhmanı gözəlliyi ilə seçilən rayon olub. Ancaq Natiq Ağayev rayona icra başçısı təyin edildikdən az sonra bu gözəllikdən təmizlikdən əsər-əlamət qalmadı”. Bu sözlər Göyçay rayonunun bir qrup sakini tərəfindən Tribunainfo.az-ın elektron poçtuna göndərdiyi məktubdandır.
Şikayətçilər bildirirlər ki, əgər əvvəllər Göyçaya gələn qonaqlar gülün- çiçəyin, ağacların ətrindən həzz alırdısa, indi rayona daxil olanlar zibil iyindən burunların tuturlar. “Natiq Ağayev elə bil Göyçaya və göyçaylılara qənim kəsilib. Rayonda zibillər vaxtlı-vaxtında götürülmədiyi üçün aşıb- daşır. Bütün rayonu üfunət iyi bürüyüb. Sakinlər məcbur olub zibilləri yandırlar ki, bu da rayonun hər gün tüstüyə bürünməsinə səbəb olur”.
Onlar qeyd edirlər ki, Natiq Ağayev icra başçısı təyin edildikdən sonra yaxın qohumu olan Cavanşir Qədirovu Göyçay Yaşıllıq İdarəsinə müdir təyin edib. “İndi nəticədə göz qabağındadır. Yaşıl çinarları ilə dillər dastanı olan Göyçayda son 1 ildə yüzdən çox çinar quruduğu üçün kəsilib. Hətta qurumuş çinar ağaclarını dibindən yox başından kəsiblər ki, buda əcaib bir mənzərə yaradıb”.
Sakinlər məktubda yazırlar ki, bir neçə aydır Göyçay şəhərinin küçələrinə tez-tələsik vurulan asfaltlar indidən xarab olub. “Çünki ilin sonu olduğu üçün ayrılan pulu silib, talan etmək lazım gəlib. Nəticədə, bir küçəyə vurulmalı olan asfaltı bir neçə küçəyə vurublar”.
Sakinlər rayonda problemlərin qalaqlandığını, lakin həll olumadığını əsas tutaraq bildirirlər ki, rəsmi qurumlar Göyçayla bağlı müəyyən addımlar atsınlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Seçilən
27
tribunainfo.az

1Mənbələr