Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri olan Sumqayıt Yaşayış Kompleksinin 392 mənzili və Lənkəran Yaşayış Kompleksində 152 mənzilin, ümumilikdə 544 mənzilin satışına saat 11-də başlanılıb.
FED.az xəbər verir ki, bu sözləri agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov jurnalistlərə açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, mənzillər qısa müddət ərzində vətəndaşlar tərəfindən seçilib və əksəriyyətinin mənzil sifarişi ərizəsi təqdim olunub.
“Qeyd edim ki, agentliyin fəaliyyəti dövründə ümumilikdə 16 satış həyata keçirilib və güzəştli mənzil sistemində bu günədək uğurla qeydiyyatdan keçmiş, elektron kabinet əldə etmiş şəxslərin sayı 38 mindən çoxdur. Bu gün satışa çıxarılan Sumqayıt Yaşayış Kompleksində mənzillər 2 və 3 otaqlı, Lənkəran Yaşayış Kompleksində isə 3 və 4 otaqlıdır. Gözləmə qaydasında mənzil seçimi dekabrın 10-da saat 11-də olacaq və dekabrın 14-dək davam edəcək. Gözləmə qaydasında vətəndaş seçilmiş mənzili ardıcıl olaraq gözləmə qaydasında seçə bilər. Mənzil onu gözləmə qaydasında seçmiş birinci şəxsə, daha sonra isə ikinci şəxsə təqdim olunacaq”, - şöbə müdiri əlavə edib.
MİDA rəsmisi, həmçinin vurğulayıb ki, qurum tərəfindən üç layihənin icrası davam edir: “Bunlar Binəqədi, Şirvan və Yevlax Yaşayış kompleksləridir. Bu layihələrdə ümumilikdə 3 minə yaxın mənzilin inşa olunacağı gözlənilir”. (Azərtac)