AZ

“İcrakom”un menyusuna: Qurbanovla Santuşun fərqi

2024-cü il sona yaxınlaşdıqca illərin ənənəsi yenidən təkrarlanır.

İdman.biz xəbər verir ki, hər ilin sonunda AFFA-nın İcraiyyə Komitəsinin sonuncu, yekun iclası ərəfəsində Azərbaycan millisinin baş məşqçisinin taleyi gündəmə gəlir.

Bu dəfə də istisna deyil. İndidən Fernandu Santuşun qalıb-qalmaması, məsələnin “İcrakom”da müzakirə ediləcəyi gündəmi zəbt etməyə başlayıb.

Portuqaliyalının postunu tərk etməsi və ya göndərilməsi üçün Millətlər Liqasındakı fiasko əsas verir. C liqasında keçirdiyi 6 matçda cəmi 1 xal toplayan millimiz uzunmüddətli layihə ilə çalışmağı planlaşdıran mütəxəssisin kreslosunu ciddi şəkildə laxladıb.

Santuşlu yığma rəsmi turnirlər çərçivəsindəki görüşlərdə orta hesabla hər matçda 0,17 xal yığıb. Bu, mümkün 18 xalın 5,56 faizi deməkdir.

Xal görməyənlər
Santuş yığmamızla rəsmi turnirlərdə, dünya və Avropa çempionatlarının seçmə oyunları və Millətlər Liqasında qələbəyə həsrət qalan yeganə baş məşqçi deyil. Bu səviyyədə debütü 1994-cü ildə gerçəkləşən komandanın tarixinə nəzər salsaq, daha uğursuz mütəxəssislər olub. Mütləq antirekord Ağasəlim Mircavadova məxsusdur. Onun rəhbərliyi altındakı bütün oyunlarda nəticə dəyişməz olub – məğlubiyyət. Daha iki baş məşqçi xal sevinci yaşamasa da, Qyoko Hacıyevski və Mahmud Qurbanov müvəqqəti bu vəzifəni icra ediblər. Bu üzdən onlar müvafiq olaraq 2 və 1 matçda komandanın sükanı arxasında dayanıblar.

Qələbəsiz qalanlar
Bu “üçlük”lə xal qazanmayan yığma daha 4 baş məşqçisi ilə də qalıb gələ bilməyib. Onlardan biri Santuşdursa, digərləri Vaqif Sadıqov, Nikola Yurçeviç və Karlos Alberto Torresdir. Amma sonuncu daha çox – 2 xal toplamaqla digərlərini üstələyib. Sadıqovla Yurçeviç isə elə Santuş kimi bir heç-heçəni bayram ediblər. Legionerlər nisbətən az oyun keçiriblərsə, Sadiqov qələbəsiz oyun sayında antirekordçudur. Milli onunla 13 rəsmi görüşdə 1 xal əldə edib.

Qurbanovdan 50 faizlik göstərici
Milli tarixinin ən uğursuz məşqçilərindən danışırıqsa, ən yaxşı nəticələrə də toxunmağa dəyər. Orta xala görə rekord Qurban Qurbanova məxsusdur. Onun rəhbərliyi altında 6 görüşdə 9 xal qazanılıb. Bu, mümkün olanın 50 faizi və ya hər oyuna 1,50 xal deməkdir. Düzdür, onun vaxtında yığmamız seçmə mərhələdə oynamayıb, yalnız Millətlər Liqasında, özü də D liqasında mübarizə aparıb. Amma istənilən halda, heç kim təminat verə bilməz ki, yenidən D liqasına qayıdan millimiz zəif rəqiblərlə görüşlərdə uğur qazana biləcək. Estoniya ilə matçlar belə düşünməyə əsas verir.

Ən yaxşı legioner
Milli tarixinin ikinci ən yaxşı nəticəyə malik çalışdırıcısı Robert Prosineçkidir. O, keçirdiyi oyunların ən azı 50 faizində uduzmayan iki mütəxəssisdən biridir. Ən yaxşı legioner baş məşqçimizlə 16 qarşılaşmada 16 xal əldə edilib. Komandamız onunla hər görüşdə orta hesabla 1 xala sevinib.

Rekordçular “Top-6”da
Millini ən çox rəsmi turnir matçına çıxaran Berti Foqtsun hesabında 33 oyun var. O, orta xal göstəricisində 0,64-ə malikdir. Almaniyalı 6-cı sırada qərarlaşıb. Yığmanın qələbə sayındakı rekordçusu Canni Byazi ilə 6 qələbə əldə edilib. Millimiz italiyalı ilə hər qarşılaşmada 0,86 xal qazanıb. O, bu göstəricidə üçüncüdür. De Byazi xal sayında da hamını qabaqlayır – 24 xal.

Yerli, yoxsa legioner?
Təbii ki, ən çox müzakirə olunan məsələ millini yerli, yoxsa legioner baş məşqçinin çalışdırmasıdır. Yığmamızı seçmə oyunlarına və Millətlər Liqasına çıxaran 16 mütəxəssisə baxsaq, 9 yerli və 7 əcnəbinin adını görərik. Onların ümumi oyun və xal sayı, ən əsası isə orta göstərici maraq doğurmaya bilməz.
9 yerli məşqçi millimizi 66 görüşə çıxarıb. Komandamızın qazancı 32 xal olub. Bir sözlə, azərbaycanlı mütəxəssislərlə hər qarşılaşmada 0,48 xal qazanılıb. Bu, mümkün olanın, 178 xalın 16 faizinə bərabərdir.
Legioner baş məşqçilərin sayı az olsa da, daha çox şans qazanıblar. Əcnəbilər yığmanı seçmə mərhələlər və Millətlər Liqasının 100 matçına çıxarıblar. Bu qarşılaşmalar komandamıza 65 xal gətirib. Bu, orta hesabla 0,65 xal deməkdir. Yəni legionerlər mümkün olanın 21,7 faizini bacarıblar.

yer

baş məşqçi

O

Q

H

M

T/F

X

orta

1

Qurban Qurbanov

6

2

3

1

7-6

9

1,50

2

Robert Prosineçki

16

4

4

8

15-26

16

1,00

3

Canni de Byazi

28

6

6

14

18-38

24

0,86

4

Kazbek Tuayev

5

1

1

3

1-10

4

0,80

5

Əsgər Abdullayev

6

1

1

4

5-15

4

0,67

6

Berti Foqts

33

4

9

20

23-61

21

0,64

7

Əhməd Ələsgərov

7

1

1

5

5-17

4

0,57

8

İqor Ponomaryov

10

1

2

7

4-17

5

0,50

9

Şahin Diniyev

10

1

2

7

5-25

5

0,50

10

Karlos Alberto Torres

7

0

2

5

1-17

2

0,29

11

Fernandu Santuş

6

0

1

5

3-17

1

0,17

12

Nikola Yurçeviç

8

0

1

7

5-18

1

0,13

13

Vaqif Sadıqov

13

0

1

12

3-32

1

0,08

14

Mahmud Qurbanov

1

0

0

1

0-1

0

0,00

15

Qyoko Hacıyevski

2

0

0

2

1-3

0

0,00

16

Ağasəlim Mircavadov

8

0

0

8

2-27

0

0,00

Qeyd edək ki, yığmamız indiyədək seçmə mərhələlər və Millətlər Liqasında 166 matç keçirib.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
39
1
idman.biz

10Mənbələr