Bakı Metropolitenində son günlər baş verən nasazlıqlar xətlərdə əlavə yüklənmələrə səbəb olur. Lakin metroda yaranan sıxlığa görə təkcə metropoliteni ittiham etmək doğru deyil. Hətta yeni stansiyaların açılması belə, düzgün yanaşma olmadıqca metronun işini yüngülləşdirməyəcək. Normal fəaliyyət üçün yeraltı və yerüstü nəqliyyat vəhdətdə işləməlidir.
Lakin avtobusların sayının artırılması metropolitenin yeni stansiyalarının inşası zərurətini aradan qaldırmır. Sovet dövründən metronun miras qaldığı şəhərlərdə də xətlər genişləndirilir. Bəs görəsən, müstəqillik dövründə hər ölkə neçə stansiya tikib?
Müqayisə ədalətsiz olmasın deyə siyahıya Moskva və Peterburq metropolitenləri daxil edilməyib.
Minsk Metropoliteninin (açılış 29 iyun 1984) 4 stansiyadan ibarət Zelenouj xəttinin tikintisi 2011-ci ildə başlayıb, 2020-ci ilin payızında istismara verilib. Maliyyə çətinliyinə görə metronun ən yeni xəttinin istismara verilməsi 3 il ləngiyib. Avtozavod xəttindəki 14 stansiyadan beşinin açılışı 1995-ci ildən sonraya təsadüf edir. Moskva xəttində isə 21-ci əsrdə 6 əlavə stansiya inşa olunub. 3 xətt üzrə 7 stansiya inşaat mərhələsindədir.
Bizdən 10 il sonra, 1977-ci ildə metro ilə tanış olan Daşkənddə hazırda stansiya sayı 50, xəttin uzunluğu 41 kilometrdir. Metronun ilk xətti olan Çilənzarda sovet dövründə 13, müstəqillik dövründə 4 stansiya inşa edilib.
Özbəkistan xəttindəki bütün 11 stansiya sovet dövrünə aiddir.
Yunusabad xəttində ilk qatarlar reysə 2001-ci ildə çıxıb. Bütünlüklə müstəqillik dövründə tikilmiş xətdə 8 stansiya fəaliyyət göstərir ki, onlardan sonuncusu 2020-ci ildə açılıb. Xətt üzərində daha 4 stansiyanın tikintisi gedir.
Özbəkistanın müstəqilliyinin 30 illiyi xəttinin 7 stansiyası 2020-ci ildə, 5 stansiyası 2023-cü ildə, 2 stansiyası isə 2024-cü ildə istismara verilib.
Hazırda hava hücumları zamanı sığınacaq rolu oynayan Kiyev metrpoolitenindəki 52 stansiyadan 18-i müstəqil Ukrayna dövrünə təsadüf edir. Hazırda məlum vəziyyətə görə metro inşaatı dayanıb.
1975-ci ildə istismara verilən Xarkov metrpolitenindəki 30 aktiv stansiyanın doqquzu müstəqillik dövrünə təsadüf edir.
6 stansiyadan ibarət Dnepr metrpoliteninin tikintisi 1981-ci ildə başlasa da, açılışı 1995-ci ilə təsadüf edir. əgər 70-ci illərdəki planlar reallaşsa idi, o zaman Ukrayna ərazisində 7 metropoliten olacaqdı.
Metro ilə ən gec tanış olan türkdilli ölkə Qazaxıstandır. Almatıda fəaliyyət göstərən 11 stansiyalı metro 2011-ci ildə həyata vəsiqə alıb. 3 stansiya isə layihələndirmə mərhələsindədir.
Qonşularımıza gəlincə: 1966-cı ildə istismara verilmiş Tbilisi metropolitenindəki 23 stansiyadan cəmi ikisi müstəqillik dövrünün məhsuludur.
Qafqazda isə metro ilə ən son tanış olan İrəvan sakinləri olub. 1981-ci ildə istismara verilmiş metropolitenin 10 stansiyasından cəmi biri müstəqillik dövründə tikilib. Layihələndirilmiş 3 stansiyanın nə vaxt tikiləcəyi isə naməlumdur.
Göründüyü kimi, müstəqillik dövründə metro tikintisində ən yüksək temp Özbəkistanda, ən ləng isə Ermənistan və Gürcüstanda qeydə alınıb.
Vüqar