AZ

Beynəlxalq Bankın keçmiş rəhbəri həbsxanada tibbi yardımın pis olmasından şikayət edir

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Beynəlxalq Bankın (ABB) keçmiş sədri Cahangir Hacıyevin səhhətinin pis olmasına baxmayaraq, ona səmərəli tibbi yardım göstərilmir. Bu barədə Turan-a onun vəkili Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, Hacıyev aorta anefrizmasından, hipoksiyadan (beyinə kifayət qədər oksigen getməməsi) əziyyət çəkir və onun sol əli uyuşub. 

Buna baxmayaraq, Hacıyev nəinki Penitensiar Xidmətin hospitalına, hətta cəzaçəkmə müəssisəsinin sanitar hissəsinə belə köçürülmür, deyə vəkil qeyd edib.

Eyni zamanda, cəzaçəkmə müəssisəsində götürülən təhlillərin nəticələri ona verilmir, deyə Mehdiyev sözünə davam edib.

Keçmiş bankiri öz hesabına müayinə və müalicə etməkdən də imtina edirlər.

"Biz növbəti dəfə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişik, lakin 15 gün keçsə də, hələ də cavab yoxdur", deyə vəkil bildirib.

* ABB ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. 2016-cı ilin oktyabrında o, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan cəza daha 1,5 il müddətinə uzadılıb. 

Hacıyev 4 mlrd. manata qədər pul vəsaitini mənimsəməkdə və israf etməkdə ittiham olunur. Lakin vəkilləri bu ittihamların etibarlı dəlillərlə sübuta yetirilmədiyini bildiriblər.

Seçilən
26
turan.az

1Mənbələr