Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun İdman.biz-ə müsahibəsi
- Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclasında iştirak etmisiz. Hansı məsələlər müzakirə olundu?
- İclas Azərbaycan idmanı üçün tarixi qərarın verilməsi ilə əlamətdar oldu. Yığıncaqda Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və mən iştirak etdik. Məhz bu iclasda Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatını etdik və çıxışımız müsbət mənada böyük ajiotaj doğurdu. Nəticə isə bəllidir. Bu bütövlükdə Azərbaycan idmanının qələbəsi, məsuliyyətli bir yolun başlanğıcıdır. Digər qərarlara gəldikdə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı üçün mühüm addımlar atır. Buna misal olaraq məşqçilik lisenziyalarının tətbiqi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsini göstərə bilərəm. Çalışırlar ki, ağırlıqqaldırma idmanının coğrafiyası genişlənsin. Kütləvilik olan yerdə istər-istəməz nəticə də olur.
- Avropanın Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq. Bununla ölkəmizdə ağır atletikanın yeni inkişaf dövrünə qədəm qoyacağını demək olar?
- Belə qərarlar anidən verilmir. Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına nail olmaq üçün ali müstəvidə etimad qazanılmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda olan idman rəsmiləri və funksionerləri də bilir. İdmana dövlət səviyyəsində dəstək varsa, bizə düşən vəzifə bu işin öhdəsindən layiqincə gəlməkdir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə qurduğumuz peşəkar münasibətlər bizi etibarlı tərəfdaşa çevirdi. Akademiyanın faydalarına gəlincə, bu barədə çox danışmaq olar. Əvvəla, akademiya dünyada cəmi 5 qitədə olacaq. Avropada bu status artıq Azərbaycana məxsusdur. Burada beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Ayrı-ayrı ölkələrdən mütəxəssislər ölkəmizə gələcək. Təcrübə mübadiləsi aparacağıq. Akademiya yerli idmançıların və mütəxəssislərin püxtələşməsi baxımından çox vacib bir mərkəz rolunu oynayacaq. Əlbəttə, bu faydalı tərəfləri biz akademiya fəaliyyətə başlayandan sonra daha aydın görüb qiymətləndirə biləcəyik.
- İşlərə nə vaxt start veriləcək?
- Deyərdim ki, biz buna indidən hazırıq. Bilirsiz ki, “ASK Arena”dakı bazada hər bir şərait var. Milli komandalarımız təlim-məşq toplanışlarında bu arenanın imkanlarından yararlanır. Şüvəlandakı akademiyamız da tədbirləri qəbul etməyə hazırdır. Fəaliyyət detalları ilə bağlı isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə danışıqlarımız davam edir. Bu barədə ictimaiyyətə məlumatlar verəcəyik.
Banuçiçək Hüseynli
İdman.biz