"Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə edirik".
Bakupost.az xəbər verir ki, bu bəyanatla BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu (GDU) çıxış edib.
“Biz Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də onun beynəlxalq terrorizmlə mübarizədə qanuni hüququna güclü dəstəyimizi bir daha təsdiqləyirik, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə rədd edirik”, - deyə Suriyanın SANA xəbər agentliyi bəyanatdan sitat gətirib.
Qrup həmçinin “Həyat Təhrir əş-Şam" terror qruplaşması və digər əlaqəli təşkilatlar tərəfindən Suriyada həyata keçirilən genişmiqyaslı terror aktlarını ən sərt şəkildə pisləyib”.
Qrup "reqional və beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün dağıdıcı nəticələrə səbəb olacaq Yaxın Şərq regionunda münaqişəni qızışdırmaq və partlayışa səbəb olmaq cəhdlərindən dərin narahatlığını" ifadə edib.
Qeyd edək ki, BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupuna Əlcəzair, Anqola, Belarusiya, Boliviya, Venesuela, Fələstin Dövləti, Zimbabve, İran, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Nikaraqua, Rusiya, Sent Vinsent və Qrenadin, Suriya, Ekvatorial Qvineya, Eritreya və digər ölkələr daxildir.
Zaur, BakuPost