Suriyanın İordaniya ilə sərhəddəki Dera vilayətinin mərkəzi müxalif qüvvələrin nəzarətinə keçib.
Heftelik.az-ın məlumatına görə, ölkənin cənubunda yerləşən Dera vilayətində hökumət qüvvələrinə qarşı hərəkətə keçən müxalif qüvvələr ətraf ərazilərdə çoxlu sayda yaşayış məntəqələrini və hərbi bazaları ələ keçirərək irəliləyib.
Gərgin döyüşlərdən sonra vilayət mərkəzi – Dera şəhəri də müxalifətin nəzarətinə keçib. Bu, paytaxt Dəməşqin artıq cənubdan da mühasirəyə alınmasına başlanılması kimi qiymətləndirilir.
Qeyd edək ki, Derada bir qrup tələbənin 15 mart 2011-ci ildə ixtisasca həkim olan Prezident Bəşər Əsədi nəzərdə tutaraq ali məktəbin divarına “Ey doktor, növbə sənə gəldi” yazması ilə ölkədə xalq hərəkatı başlayıb. 2011-i ildə xalqa azadlıq verilməsi tələbi ilə başlayan hərəkatın hökumət qüvvələri tərəfindən zorla yatırılmaq istənilməsindən sonra başlayan vətəndaş müharibəsi dövründə Dera şəhəri müxalifətin müqavimətinin əsas mərkəzlərindən biri olub. Dera 2012-2018-ci illərdə müxalifətin nəzarətində olub. İranın dəstəklədiyi qruplar və Rusiyanın hərbi müdaxiləsi ilə yenidən güclənən Bəhər Əsəd hakimiyyəti 2018-ci ilin iyununda bölgədə quru əməliyyatına başlayıb, 2018-ci ilin iyulunda Dera vilayətini tamamilə ələ keçirib.
Qeyd edək ki, noyabrın 27-də İdlibdə Heyət Təhrir Əş-Şam (HTŞ) qruplaşmasının başında olduğu müxalif qüvvələr hərəkətə keçib, Ötən müddət ərzində Suriyanın ikinci ən böyük şəhəri Hələbi və dördüncü ən böyük şəhəri Həma ələ keçirilib, hazırda ölkənin üçüncü böyük şəhəri Humus uğrunda döyüşlər gedir.