Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən 1918-ci ildə yaradılmış AXC-nin parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan parlamentinin ilk iclası 106 il öncə dekabrın 7-də keçirilib.
APA xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib
Spiker bildirib ki, Azərbaycan parlamenti öz fəaliyyətində mühüm addımlar atıb, qanunlar qəbul edib: “Həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə 11 müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament 230-a yaxın qanun qəbul edib. Azərbaycanda sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi. Bununla belə parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunmasına səbəb olub. Azərbaycanın yenidən müstəqillik əldə etdiyi ilk illər mürəkkəb dövrə təsadüf edirdi. Hakimiyyət daxili çəkişmələr səbəbindən ölkənin parçalanmaq həddinə çatması parlamentin fəaliyyətində də öz təsirini göstərirdi. Ulu öndər Heydər Əliyevin parlamentə qayıtması yeni parlament institutunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu öndərin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb”.