Milli Məclisin deputatı Səbinə Salmanova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olublar.
Rektor, akademik Urxan Ələkbərov millət vəkillərinə Akademiyanın fəaliyyəti, oradakı fakültələr və digər məsələlər barədə ətraflı məlumat verib.
Daha sonra parlamentarilərin tələbələrlə görüşü keçirilib.
Şamil Ayrım tələbələrə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, ölkələrimiz arasında münasibətlərin inkişafı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı zamaı suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsinə, ölkəmizin dünyanın ən vacib və böyük tədbirlərindən biri olan COP29-a uğurlu sədrliyindən danışıb. O, bu uğurların Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin müdrik, cəsarətli, uzaqgörən siyasətinin nəticəsində əldə olunduğunu bildirib.
Türkiyəli millət vəkili həmçinin dekabrın 5-də Bakıda keçirilmiş “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransın əhəmiyyətindən də söz açıb. O bildirib ki, reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi tarixən Azərbaycan torpağı olub. Şamil Ayrım vurğulayıb ki, ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, sadəcə sülh və sabitlik istəyir.
İnteraktiv formada təşkil edilən görüşdə çıxış edən Azərbaycan parlamentinin deputatı Səbinə Salmanova belə qabiliyyətli, vətəninə, torpağına, dövlətinə qırılmaz tellərlə bağlı gəncləri olan bir ölkənin sabahının daha işıqlı və firavan olacağından əminliyini ifadə edib.
Çıxışlardan sonra millət vəkilləri tələbələrə öz tövsiyələrini veriblər. Görüşün sonunda isə kollektiv xatirə şəkli çəkdirilib.
"Cebheinfo.az"