Dekabrın 5 və 6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçirildi. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edirdi.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciətində Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı olduğunu da bildirib. Əfsus ki, rəsmi İrəvan demokratiya və insan haqlarından dəm vurmağı xoşlasa da, bu problemi etiraf etmir, onu Qarabağdan könüllü köç etmiş ermənilərin “qayıdış məsələsi”ndən fərqli bir məsələ, hətta ərazi iddiası kimi təqdim etməyə çalışır.
II beynəlxalq konfrans Qərbi azərbaycanlıların qayıdış probleminin dünya gündəminə gətirilməsində nə kimi rol oynayacaq? Bunun real təsirini nə vaxt görməyə başlayacağıq?
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib ki, hər il dekabrın 5-də belə bir beynəlxalq konfrans keçiriləcək.
Əlbəttə ki, Qərbi Azərbaycanlıların qayıdışı problemi, Azərbaycan xalqının, ictimaiyyətinin diqqətində olan vacib bir məsələdir. Bu mövzu ilə bağlı keçirilən beynəlxalq konfranslar, məsələnin daha geniş auditoriyaya çatdırılmasına, onun hüquqi, tarixi və humanitar aspektlərinin daha dərindən araşdırılmasına imkan yaradır.
II beynəlxalq konfransın da məqsədi Qərbi Azərbaycandan didərgin salınmış insanların hüquqlarının pozulmasını dünya ictimaiyyətinə çatdırmaqdır. Bu cür tədbirlərdə mötəbər alimlər, hüquqşünaslar, siyasətçilər və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etməsi beynəlxalq ictimaiyyətin mövzuya marağını artırır.
Beləliklə, II beynəlxalq konfrans Qərbi azərbaycanlıların qayıdış problemini dünya gündəminə gətirməkdə mühüm bir mərhələdir. Məsələnin həlli üçün uzunmüddətli strateji planlar tələb olunur, lakin bu cür tədbirlər məsələnin beynəlxalq səviyyədə tanınması və həlli istiqamətində vacib addımlardan biridir.
“İldə bir və ya iki dəfə bu cür konfransların keçirilməsinə ehtiyac var. Amma bu konfransları Avropada da keçirmək lazımdır”.
Bu sözləri Əslən Qərbi Azərbaycandan olan millət vəkili Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib.
Millət vəkili qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdış probleminin dünya gündəminə gətirilməsinin artıq real təsirləri var:
“Fikrimcə, artıq onun real təsirini görməyə başlamışıq. II beynəlxalq konfransı ilə bağlı dünyanın bir çox ölkələrindən Azərbaycana siyasi xadimlər, tarixçilər, araşdırmaçılar, nümayəndələr gəlib və Qərbi Azərbaycana qayıdış məsələsi barədə öz fikirlərini bildirir, bizimlə bunun yollarını müzakirə edirlər. Çünki bu, yeni bir mövzudur, yəni 2 ilə yaxındır ki, bu məsələ gündəmdədir.
Bu arada xatırladım ki, ötən ilin oktyabr ayında İspaniyanın paytaxtı Madrid şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumunu keçirmişdik. Həmin vaxt da bir çox avropalı alimlərin, araşdırmaçıların bu mövzuya necə maraq göstərdiklərinin şahidi olmuşduq.
II beynəlxalq konfransda çıxışçılardan biri qeyd etdi ki, “Siz gec qalmısınız, bu məsələni Avropanın gündəminə daşımaq lazımdır”. Hesab edirəm ki, Avropanın təkcə institutlarına deyil, siyasi parlamentlərinə də daşımaq lazımdır. Çünki bu, çox vacib məsələdir, söhbət pozulmuş insan haqlarından gedir. O insan haqlarından ki, insanlarımız kütləvi şəkildə öz ata-baba yurdlarından, indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindən qovulublar, məcbur köçə məruz qalıblar və bu günə qədər onların öz doğma yurdlarına qayıdış hüquqları təmin olunmayıb.
Avropa indi yalnız Qarabağ ermənilərinin pozulmuş, ora qayıtma haqqı-hüququndan danışır, lakin 1988-ci ildən başlayaraq yarım milyona yaxın insanın pozulmuş haqqından, hüququndan danışmaq istəmir. Dünya, Qərb bunu görməzdən gəlir.
Bu baxımdan biz bu məsələni hər zaman gündəmə gətirməliyik. Düşünürəm ki, biz çox şeyə nail olacağıq və olmuşuq da. Məsələn, konfransda Avropanın hansısa universitetinin tarix bölümün rəhbəri ürəklə qeyd edirdi ki, Ermənistanı məcbur etmək lazımdır ki, Qərbi Azərbaycandan zorla qovulmuş insanların tapdanmış hüquqlarını tanısın.
Şəxsən mən avropalılar ilə birgə işləyirəm, bilirəm ki, bu mövzuda danışmaq onlar üçün nə qədər çətindir. Çünki davamlı olaraq erməni diasporu tərəfindən təzyiqlərə, çox ciddi qaralama kampaniyalarına tuş gəlirlər. Amma hər halda, Azərbaycan onların ölkəmizə gəlməsinə nail oldu və qeyd edim ki, ölkəmiz də bu konfransı çox yüksək səviyyədə təşkil etmişdi.
Hesab edirəm ki, ildə bir-iki dəfə belə konfranslar keçirmək lazımdır. Bəli, Əziz Ələkbərli qeyd etdi ki, hər il dekabrın 5-də ölkədə bu cür konfrans keçiriləcək. Amma bu konfransları Avropada da, eyni zamanda illərlə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan dövlətlərin ərazilərində də keçirmək lazımdır. Həmçinin bu konfransları Türk dünyasına daşımaq lazımdır. Hansı ki, bu il may ayında Özbəkistanda belə bir konfransımız olmuşdu və Türk dünyasının hər yerindən dəvətlilərimiz var idi.
Azərbaycan bu məsələyə çox ciddi diqqət ayırır və hesab edirəm ki, xüsusilə də cənab Prezidentimizin Qərbi Azərbaycana Qayıdış məsələsinə olan ciddi diqqəti bu məsələnin ölkələrdə ən yüksək səviyyədə keçirilməsinə nail olmağımız üçün münbit şərait yaradacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”