Azərbaycan 2020-ci ildə Qarabağ zəfəri ilə bütün dünyaya, yurdundan-yuvasından didərgin salınan bütün xalqlara ümid oldu. Təsadüfi deyil ki, Qarabağ zəfəri tarix kitablarında hərbi zəfərdə yeni səhifə açdı.
APA xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi deyib.
O bildirib ki, Azərbaycan qısa zaman əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib: “Buradan Prezident İlham Əliyevə təşəkkürümü edirəm. Eyni zamanda iraqlılar üçün çətin dönəmdə - İŞİD-in İraqı ələ keçirdiyi dövrdə Türkiyə iraqlıların yanında oldu, buradan onlara da təşəkkürümü edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın TDT-də müşahidəçi üzv ölkəsi olmasının lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə türkmən elinin deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də səfirliklərinizi Bağdadda açın. Azərbaycan kimi siz də səfirliyinizi orada açın”.