AZ

Fəxrəddin Pənahov: “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə xaos və hərcmərcliyin qarşısını aldı, hüquqi dövlətçiliyin əsaslarını qurdu”



“Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörənliyi sayəsində Azərbaycanın milli-mənəvi irsinin qorunması da, respublikanın iqtisadiyyatının qurulması da, hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması da məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayırıb və bununla da respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə nail olub. Məhz həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu Öndər bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, təqaüddə olan polis general-mayoru Fəxrəddin Pənahov deyib.

Daha sonra komitə sədri 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə ikinci dəfə gəlişi ilə Azərbaycanın məhv olmaq təhlükəsindən qurtulduğunu vurğulayaraq bunları deyib: “Bu bir həqiqətdir ki, 1991-1993-cü illər Azərbaycanın müasir tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın nəhayət ki, reallaşmaq üzrə olan müstəqillik arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Xalq Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Ulu Öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Əgər 1969-cu ildə Heydər Əliyevin respublika hakimiyyətinə birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə Ulu Öndərin ikinci dəfə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də ölkə iqtisadiyyatını böhrandan qurtarıb inkişaf yoluna çıxarmaq idi. Bu məqsədlə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin etdi. Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır. Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Biz Ulu Öndər Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq!” – deyə, Fəxrəddin Pənahov müsahibəsini sona çatdırıb.



Seçilən
15
aia.az

1Mənbələr