AZ

“Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür” - Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bu gün keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında çıxış edib.

Teleqraf.com xəbər verir ki, Millət vəkili öncə Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətlilə təbriklərini çatdırıb və tədbirə qatılmış qonaqlara təşəkkürünü ifadə edib:

“Hörmətlli sədr, hörmətli qonaqlar!

Hamınızı Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətlilə təbrik edir, belə bir əlamətdar gündə sevincimizi bizimlə bölüşməyə gəlmiş qonaqlarımızın hər birinə sədri olduğum Ədalət, Hüquq, Demokratiya Partiyası adınadan öz dərin minnətdarlığımı bildirirəm.

Rusiya imperiyasının çöküşü və Zaqafqaziya Seyminin dağılması ilə yaranmış əlverişli tarixi şəraitdən istifadə edən xalqımızın qəhrəman, vətənpərvər və istedadlı övladları millətimizin gələcəyinə görə məsuliyyətlərini dərk edərək, 1918-ci il may ayının 28-də islam dünyasında ilk respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər. 7 dekabr 1918-ci ildə ilk iclasını keçirən Azərbaycan dövlətinin Parlamenti çoxpartiyalılıq əsasında və ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərindən təşkil olundu.

17 aylıq fəaliyyəti dövründə 11 fraksiyadan ibarət Parlament 130 iclas keçirmiş, 230 qanun qəbul etmiş, vətəndaş azadlıqlarının, qanunun aliliyinin təmin olduğu hüquqi-demokratik dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul etmişdir. Şərqdə ilk dəfə qadınların seçmək və seçilmək hüququ tanınmışdır. Parlamentin 130 iclasdan ikisi böyük tarixi hadisələrin ildönümünə həsr olunmuşdur-biri Azərbaycan İstiqlalının birinci ildönümü münasibətilə 28 may 1919-cu ildə, ikincisi isə Nuru paşanın rəhbərliyi, türk qardaşlarımızın dəstəyi ilə Bakının azad edilməsinin birinci ildönümü münasibətilə 15 sentyabr 1919-cu ildə keçirilmişdir. Hər iki tarixi hadisənin baş verməsində iştirak etmiş, həyatlarını bu yolda qurban vermiş və həmin tarixi hadisələrə düzgün qiymət verməyi bacarmış soydaşlarımızı böyük hörmət və ehtiramla anır, onların ruhları qarşısında baş əyirəm”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, parlamentli respublika qısa bir müddətdə ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparırdı: “Təhsilin inkişafına xüsusi diqqət yetirən Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul etmiş, hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadə parlament haqqında deyirdi: “Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü”.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi 27 aprel 1920-ci il tarixli son iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı, müstəqilliyin qorunması şərtilə hakimiyyəti kommunistlərə təhvil verdi. Lakin işğalçı Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti illərində də Azərbaycan məhdud səlahiyyətli dövlətçilik və parlamentarizm ənənələrini yaşatdı. 20-ci əsrin sonlarında Qarabağda baş qaldırmış etnik separatizmə qarşı xalqımız AXC-nin timsalında Elçibəyin liderliyi ilə Milli Azadlıq Hərakatını yaratdı və 1991-ci ildə ilk əlverişli beynəlxalq şərait yaranan kimi dövlət müstəqilliyimizi bərpa etdik. Lakin çətin və mürəkkəb tarixi şəraitdə torpaqlarımızı itirdik, dövlətçiliyimizi yenidən itirmək təhlükəsi ilə üzləşdik. Yaranmış təhlükəni görən prezident Elçibəy xalqın etimad göstərdiyi, böyük dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Parlamentin sədri kimi fəaliyyətə başlayan Heydər Əliyev dövlətçiliyimizi xilas, onun varisi kimi İlham Əliyev isə qardaş Türkiyənin və müttəfiqlərimizin dəstəyi ilə Qarabağımızı, torpaqlarımızı işğaldan azad etdi, bütün ərazimizdə dövlət suverenliyini bərpa etdi, etnik separatizmə birdəfəlik son qoydu. Bu gün müstəql dövlətimizin banisi Rəsulzadəyə, müstəqilliyimizin bərpa olunmasında müstəsna xidməti olmuş Milli Azdalıq Hərakatının lideri Elçibəyə və dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuş Heydər Əliyevə Allahdan rəhmət diləyir, İlham Əliyevə güclü iqtisadiyyat, demokratik və hüquqi dövlət quruculuğunda uğurlar arzulayıram.

Hörmətli həmkarlar!

Bu gün də Azərbaycan Parlamenti Prezident və Silahlı Qüvvələrimizlə birlikdə müstəqilliyimizin əsas təminatçılarından biridir. Mən, Milli Məclisə ölkəmizin xoşbəxt gələcəyi naminə hüquqi dövlət və mülki cəmiyyət quruculuğunda mətanət və böyük uğurlar arzu edir, sonda bir təşəbbüslə çıxış etmək istəyirəm. Azərbaycan parlamentinin ilk iclasının keçirildiyi bina indi Elmlər Akademiyasının balansındadır. Həmin bina Azərbaycan Parlamentarizm Tarixi Muzeyinə çevrilməli, orda parlamentarizm tariximizə dair sənədlər, sənədli filmlər nümayiş etdirilməli, müasir parlamentarizmin aktual problemlərinə həsr olunmuş müxtəlif konfranslar keçirilməli , tarix və müasirlik mövzusunda seminarlar təşkil olunmalıdır. Ümid edirəm ki, hökumətimiz və Milli Məclis rəhbərliyi bu məsələyə diqqət yetirəcək. Çünki dünyanın əksər ölkələrində belə muzeylər mövcuddur. Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür!

Allah müstəqilliyimizi dönməz etsin, xalqımızı qorusun!.

Diqqətinizə görə təşəkkür edirəm!”.


Müəllif: Teleqraf.com
Seçilən
16
5
teleqraf.com

6Mənbələr