AZ

142 min erməni Rusiyaya köçdü – Ermənistan boşalır


2024-cü ilin ilk 3 rübündə Rusiyaya əmək miqrantı kimi gedən Ermənistan vətəndaşlarının sayı 142 min nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu məlumat Rusiya Vahid İdarələrarası İnformasiya və Statistika Sistemi tərəfindən açıqlanıb. 

Ermənistanın daimi əhalisi 2024-cü il oktyabrın 1-nə olan məlumata görə, 3 milyon 67 min nəfərdir. Bu rəqəmlər göstərir ki, əhalinin təxminən 4,6%-i iş axtarışı məqsədilə Rusiyaya köçüb.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Özbəkistandan Rusiyaya 1 milyon 748 min, Tacikistandan 986 min, Qırğızıstandan isə 570 min nəfər əmək miqrantı gedib. 

Ermənistanın əhalisi son illərdə azalma tendensiyası göstərir. BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər Ermənistan əhalisi 300 min nəfər azalacaq. 

Mütəxəssislər hesab edirlər ki, Ermənistan əhalisinin sürətli miqrasiyasının əsas səbəbi ölkə hakimiyyətinin həyata keçirdiyi səhv iqtisadi siyasət və xarici siyasətdə uğursuz, təcavüzkar yanaşmalardır. Xüsusilə, Ermənistanın regiondakı güclü qonşuları ilə – Azərbaycan və Türkiyə ilə düşmənçilik mövqeyi sərgiləməsi bu vəziyyəti daha da ağırlaşdırır.

Ermənistanın illər boyu Azərbaycan və Türkiyəyə qarşı dəyişməyən düşmənçilik ritorikası və 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən sonra ölkə əhalisinin mövcud vəziyyətə adekvat reaksiya göstərməsi gözlənilən idi. Belə ki, Ermənistan hakimiyyəti uzun illər xalqı “Ermənistan ordusunun güclü və məğlubedilməz olduğu”, “Ermənistanın dünyada güclü müttəfiqlərinin mövcudluğu” və “Azərbaycanın işğal olunmuş ərazilərində ikinci bir erməni dövləti qurulacağı” mifləri ilə bəsləyib.

Lakin 44 günlük müharibədə bu illüziyaların darmadağın olması Ermənistan əhalisinə ölkənin həqiqi vəziyyətini göstərdi. “Dəmir yumruq” altında Ermənistanın real gücünün ifşa olunması əhalidə ümidsizlik yaratdı və ölkənin yaşanacaq bir yer olmadığı qənaətini gücləndirdi.

Nəticədə, Ermənistan əhalisi daha yaxşı həyat axtarışı ilə ölkəni kütləvi şəkildə tərk edir. Bu tendensiya dayandırılmasa, Ermənistanın demoqrafik və iqtisadi vəziyyəti daha da pisləşəcək. Ermənistan hökuməti bu mənzərədən dərs çıxararaq, təkcə iqtisadi islahatlar deyil, həm də regionda qonşularla sülh və əməkdaşlıq siyasəti həyata keçirməlidir. Əks halda, ölkənin gələcəyi daha da qaranlıq olacaq.


Seçilən
25
1
nuh.az

2Mənbələr