AZ

30 min manat verib mən də "həkim" ola bilərəm?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Neçə vaxtdır sosial şəbəkələrdə mənşəyi və mənbəyi bəlli olmayan həkimlərin qurbanları paylaşım edirlər.
Qurbanlar arasında adi insanlarla yanaşı tanınmışlar da var.
49 nəfərdən ibarət "həkim"lərin siyahısını ilk dəfə ABŞ-də yaşayan Qənirə Ataşova yaydı. Yayılan məlumatlar qaldı bir tərəfə, Ataşovanın ünvanına "ağ xalatlı" mafiya üzvlərinin hədə-qorxu məzmunlu mesajları yağmağa başladı. Onu hətta övladları ilə də təhdid etdilər.
İki dəfə də səhifəsinə kiberhücum təşkil olundu. Hətta şou-biznesdə at oynadan müğənnilərdən biri Xatirə İslam şəxsən Ataşovaya bildirdi ki, "onun bacısıyla işi olmasın!"
Xanım Ataşova əlində olan sənəd-dəlillərlə sübut edir ki, müğənninin bacısı Günel Əzizovanın heç bir tibbi təhsili yoxdur. Bu azmış kimi Günel əməliyyatlar edir, ginekoloji prosedurlar həyata keçirir.
Heç kimdə soruşmur ki, ay xanım bu xalatı geyinib, əlinizə neştəri alıb əməliyyatxanada nə edirsiniz?
Adım kimi əminəm ki, bir neçə gündən sonra söhbət yaddan çıxanda, yenə pis biz olacağıq. Saxta həkimlər yenə də qaz vurub, qazan dolduracaqlar.
Əminəm ki, mən evimin qarşısında qutab bişirib satsam, əlli yerdən yoxlama gələcək. Əlli yerdən sertifikat tələb olunacaq. Bəs necə olur ki, tibb təhsili olmayan adamlar əməliyyat edirlər?
Həqiqətən maraqlı məqamdır.
Bu məsələyə kim və hansı qurum nəzarət edir?
Kim məsuliyyət daşıyır? Yox, əgər hər şey belə asandırsa, biz də gedək "həkim" işləyək, özümüzə gün ağlayaq.
Dünən Baku.tv-nin "BAKU AKTUAL" verilişində tanınmış jurnalist Turan İbrahimov bu məsələni müzakirəyə çıxarıb. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova, Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov, plastik cərrah Vaqif Qələndər və zərərçəkən Könül xanım canlı yayımda aparıcının suallarına cavab veriblər.
Mütləq şəkildə baxmalı olduğunuz buraxılışdır.
Birincisi zərərçəkən Könül Əliyevə qeyd edir ki, həkimi məhkəməyə veriblər və cinayət işi də açılıb. Amma və lakin məsələ bağlanıb gedib. Səbəb isə məhkəmə ekspertizasının rəy verməməsidir. Sual yaranır niyə?
Elnur Mehralı adlı həkim zərərçəkəni həm abdominoplastika edib, həm də ödünü kəsib çıxarıb.
Qeyd edim ki, bu həkimin adı da xanım Ataşovanın dərc etdiyi "Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü. Səhiyyə nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı"nda var.
Məsələ hələ də havada, pasiyent isə məhkəmə qapılarında qalıb.
Verilişdə yer alan Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov qısaca bildirdi ki, "özəl" klinika və xəstəxanalara əlləri girmir.
Yəni ki, biz dövlət xəstəxanalarına cavabdehlik daşıyırıq. Başlı-başını saxlasın.
Plastik cərrah Vaqif Qələndər isə baş verənlərdə medianı günahkar hesab etdi. Çünki istənilən adam əlini cibinə salıb mediada reklam xarakterli məlumat yayaraq, cəmiyyəti aldada bilər.
Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov isə hesab edir ki, ümumiyyətlə həkimin KİV-də özünü reklam etməsi reklam haqqında qanunun şərtlərinin kobud şəkildə pozulması deməkdir. Yəni həkim əmtəə deyil, dərman vasitəsi deyil, özünü reklam edə bilməz.
Yaxşı, bunu anladıq. Bəs sosial şəbəkələrə kütləvi şəkildə reklam verən elə həmin işbaz həkimlərə qarşı kim və hansı qurum tədbir görməlidir?
Adamlar manikür ustası, lazeroloq, rus dili müəllimliyindən birbaşa əməliyyat stoluna gəlir və insanların həyatına müdaxilə edirlər.
Bir anlıq adama elə gəlir ki, triller filminə baxırsan. Hansısa manyak, tibbi təhsili olmayan biri gizlicə əməliyyat otağına daxil olur və istədiyini edir. Arxadan vahiməli musiqi səslənir, xəstə narkozdan oyanır və görür ki, onu şikəst ediblər, bədəni kəsiklərlə doludur. Filmin janrına uyğun olaraq, həkim gizli yollarla xəstəxananı tərk edir. Və onu axtarmağa "Batman" və "Superman" çıxır. Lap filmlərdəki kimi.
Çox gülməlidir...
Amma biz bunları realda yaşayırıq, buna nə klinikanın müdiriyyəti, nə baş həkimi, nə də digər nəzarət qurumları bir şey edə bilir. Niyə? Yoxsa, populyar triller filmlərində olduğu kimi, ABŞ-dən qəhrəman sifariş edək, gəlsin bu məsələni çözsün?
Bundan əvvəl eltisi Səbirə Vəliyevanın ölümünə səbəb olan, əvvəl lazeroloq kimi işləyən Ülviyyə İlyasovanın qanunsuz estetik əməliyyatlar keçirməsi barədə mediada xeyli xəbərlər yayılmışdı.
Zərərçəkən qadınlar onların bədənindən çirklərin axdığını və ölüm-qalım mübarizəsi apardıqlarını qeyd edirdilər.
Lakin Ülviyyə İlyasova televiziya kanallarının birinə çıxaraq eltisi öləndən sonra "daha estetik əməliyyat" etmədiyini deyib. Zərərçəkənlərdən biri aktrisa Mila Bekova video paylaşaraq bunun yalan olduğunu, İlyasovanın əməliyyatlara davam etdiyini ortaya qoydu. O da Ülviyyə İlyasovanın şikayətçi pasiyentlərindən biridir.
İndi məsələ budur ki, hər kəs özündə cəsarət tapmır başına gələn müsibəti açıq-aydın mediaya danışsın. Biri qohumundan, biri ərindən çəkinir. Bəs bu adamlar nə etməlidirlər?
Bu pasiyentlərin hüquq və azadlığını kim qorumalıdır?
Bu halların yaşanmaması üçün müvafiq qurumlar tezliklə addım atmalı və cəmiyyətə hesabat verməlidirlər.
Lazeroloq, manikür ustası və rus dili müəllimi olub, əyninə ağ xalat geyinib, insanların həyatına son qoyanlar isə qanunun ən sərt üzüylə cəzalandırılmalı, əmlakları müsadirə olunub zərərçəkənlərə verilmədir.
Yoxsa ki, gəl qutab satanın canına düş...
Seçilən
41
45
oxu.az

10Mənbələr