AZ

Qərb öz siyasətinə tabe olmayan dövlətlərin daxilində gərginlik yaratmaq və özünə dayaq axtarmağa davam edir - RƏY

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dekabrın 4-də Beynəlxalq İnsan Hüquqları Gününə həsr etdiyi tədbir növbəti anti-Azərbaycan toplantısı da adlandırıla bilər. Tədbir zamanı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlərin" və “siyasi fəalların” saxlanılması barədə bəyanatlarına qarşı Azərbaycan Xarici İşlər Nazirliyindən də cavab gecikmədi. Səfirlərin bir araya gələrək Azərbaycanla bağlı səsləndirdikləri iftira dolu bəyanatların sifariş olduğu açıq-aydın ortadadır. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Avropa İttifaqı, eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı tam yersiz və həmişəki kimi qərəzlidir. 

 

 

Deputat bildirib ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur: 

 

“Ölkəmizdə insanlar ancaq cinayət əməllərinə  görə həbs edilir və məhkəmədə ittiham olunurlar. Təbii ki, Qərb öz siyasətinə tabe olmayan dövlətlərin daxilində gərginlik yaratmaq və özünə dayaq axtarmağa davam edir. Xüsusilə, uzun illər Cənubi Qafqazda möhkəmlənməyə çalışan bu qüvvələr, daxildə özlərinə siyasi dayaq yaradaraq, onları qanun pozuntusuna və müxtəlif  cinayətlərə sövq edib, siyasi məhbuslar adlandıraraq, dövlətlərin daxili işlərinə qarışırlar. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycanda kimliyindən və sosial statusundan asılı olmayaraq öz siyasi və ictimai fəaliyyətində cinayət motivləri əks etdirən bütün şəxslərin məhkəmə qarşısında məsulliyyətə cəlb olunması təmin edilir. Əks halda, ölkədə özbaşınalıq və digər şəxslərin hüquqlarının pozulması günbəgün artar. Qərb ölkələri, xüsusən də ABŞ öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırır. Lakin başqa dövlətlərdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti qərbpərəst rəngli inqilaba çevrilə biləndə Qərb və ABŞ heç bir əxlaqsızlığa və etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan belə aksiyaları dəstəkləyir. Qərb KİV-i də başqa ölkələrdə qanun pozuntusu edən bu şəxslərə “dinc etirazçı” və ya “dinc fəal” obrazı yaradır, öz ölkələrində  isə hakimiyyət orqanları belə fəalları cinayətkarlar kimi tez-tələsik cəzalandırır. Qərb ölkələri tərəfindən daim Azərbaycanın və qeyri-Qərb ölkələrinin ünvanına insan hüquqlarının pozulmasına dair ittihamlar yağdırılır.  Çoxsaylı təşkilatlar Qərbə lazım olan dərəcədə KİV-də müxtəlif ölkələrdə insan hüquqlarına dair vəziyyəti işıqlandırır, “sənədli” filmlər çəkilir, “azadlıq” reytinqləri və digər subyektiv göstəricilər elan edilir. Qərbin, xüsusilə ABŞ-nin iştirakı və dəstəyi ilə sivil və stabil yaşayışın pozulduğu, çox sayda vətəndaşların həyatını itirdiyi dövlət çevrilişlərinin baş verdiyi ölkələrdən  Gürcüstanda “qızılgüllər inqilabı”, Ukraynada “narıncı inqilab”, Livanda “sidr inqilabı”, Fələstində “zeytun inqilabı” və digər dövlət çevrilişlərinə cəhd edilib, lakin baş tutmayan ölkələri də deyə bilərik. Bütün bu sadaladığım hadisələr çoxlu cinayətlərlə yadda qalıb. Hər zaman insan haqlarından danışan bu dövlətlər öz məqsədləri naminə sivil vətəndaşların yaşama haqqını əllərindən alıb, yaşadıqları bölgələri cəhənnəmə çeviriblər”. 

 

Deputat deyib ki, hazırda beynəlxalq aləmdə vəziyyətin gərginləşməsinə və qlobal şəraitin pisləşməsinə görə Qərb məsuliyyət daşıyır: 

 

“Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq hüquq normalarına hörmətsizlik, həmçinin Qərb ilə Şərq arasında yeni qarşıdurma bütün ölkələr üçün təhlükə törədir. Əgər böyük dövlətlər XXI əsri qanlı müharibələr, uzun sürən münaqişələr, soyqırımları, davam edən və pislənilməyən işğallar əsri kimi deyil, sülh, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüquq normalarına hörmət etmək, bərabərhüquqlu dialoq yolu ilə əməkdaşlığı reallaşdırmaq, başqa ölkələrin mənafelərinə hörmət etmək və suveren dövlətlərin daxili işlərinə qarışmamağın vacibliyini xatırlamalıdırlar”. 

 

Politoloq Rəşad Bayramov deyib ki, haqqında danışılan tədbir və orada səslənən fikirlər Avropa İttifaqı və Avropa Parlamentində indiyə qədər Azərbaycan əleyhinə aparılan kampaniyanın davamıdır: 

 

Xaricdən

 

“Şübhəsiz ki, bu tədbir Avropa İttifaqından gələn sifariş əsasında təşkil olunub. Məqsəd isə nə Azərbaycanda insan hüquqları, nə də media azadlığıdır. Bu, sadəcə növbəti dəfə Azərbaycanla bağlı mənfi ictimai rəyin formalaşması və təzyiqlər üçün yeni bəhanələrin əldə edilməsi cəhdidir. Tədbirin təşkilatçıları deyirlər ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransından gözləntilərin əksinə olaraq daha da pisləşib. Hər birimiz COP29 ərəfəsində və eləcə də beynəlxaq tədbirin davam etdiyi müddətdə ayrı-ayrı Avropa institutlarından separatçıların azad edilməsi ilə bağlı tələblərə şahidlik etdik. Demək ki, hər nə qədər maskalamağa çalışsalar da, məqsəd Azərbaycanda insan hüquqlarından daha çox yenə də terrorçuların azad olunmasına nail olmaqdır. Əks halda, “siyasi məhbus” məsələsi COP29 iqlim konfransı ilə əlaqələndirilməzdi. Çünki yenə təkrar edirəm, həmin ərəfədə Azərbaycanla bağlı təzyiqlər məhz separatçı rejim mənsubu olan uşaq qatillərinin azad edilməsi ilə bağlı idi. Qərbin Azərbaycanla bağlı təzyiq rıçaqlarına malik olmaması onları dərindən narahat edir. Odur ki, nə bəhanə olursa, olsun, ondan istifadə edib, üzərimizə gəlmək istəyirlər. İş o həddə çatıb ki, Azərbaycanı hətta “LGBT icması” ilə bağlı vəziyyətin “pisləşməsi”ndə də ittham edib, bundan dərin məyusluq duyduqlarını ifadə edirlər. Məsələ burasındadır ki, Azərbaycanda artıq heç kəs anti-Azərbaycan mövqeyi ilə tanınan və hər fürsətdə Ermənistana dəstək verən ayrı-ayrı qurumların “insan hüquqları” nağıllarına inanmır. Hər kəs anlayır ki, Azərbaycan Ermənistan kimi müti, sözəbaxan ölkə olsaydı, o zaman Azərbaycanda kütləvi həbslər olsa belə, Qərb bununla bağlı nəinki bəyanatlar verib, qəbullar keçirməz, əksinə hər fürsətdə Azərbaycanda demokratik irəliləyişlərlə bağlı fikirlər sələndirərdi. Necə ki, bunu Ermənistanda edirlər. 30 il ərzində Azərbaycanın 1 milyon insanının hüququna biganə yanaşaraq Ermənistana təzyiqlər etməyən Qərb indi də Ermənistanda siyasilərin, media təmsilçilərinin, jurnalistlərin həbsinə göz yumur. Halbuki Ermənistanda ən müstəqil Qeyri-Hökumət Təşkilatları belə Paşinyan hakimiyyəti dövründə həbsdə olan siyasi məhbusların sayının əvvəlki hakimiyyətlərin dövründə olanlardan qat-qat çox olduğunu bəyan edir. Amma bu, hər fürsətdə bizə “insan hüquqları” dərsi keçənləri qətiyyən narahat etmir. Çünki məqsəd bu deyil. Məqsəd Ermənistanı özlərindən asılı, onların hər sifarişini sözsüz yerinə yetirən dövlətə çevirmək idi və buna da nail olublar. Gürcüstanı da misal göstərmək olar. Uzun illərdir, Gürcüstanın Avropa İttifaqına qəbulu üçün çalışan və hətta Avropa ölkələrinə vizasız gediş-gəliş hüququ verən güclər, Gürcüstan MDB üzvü, KTMT üzvü, Aİ üzvü deyil və Rusiya ilə hər hansı siyasi müzakirələrə qatılmır deyə bu ölkəni demokratik, insan hüquqlarını qoruyan ölkə kimi təqdim edənlər indi Gürcüstan onların sifarişlərini yerinə yetirmir deyə dönüb olub düşmən. Gürcüstanda “insan hüquqları”nın vəziyyətinə dair bəyanat verməyən Avropa institutu qalmayıb. Qısası, baş verənlər beynəlxalq hüquq normalarını qoruma cəhdi deyil. Bu, ayrı-ayrı güclərin müxtəlif dövlətlərə öz maraqlarını qəbul etdirmək cəhdidir. Və bu cür yanaşma heç bir halda qəbuledilən deyil”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

 

Medianın

Tarix: 7 Dekabr 2024, 16:46   
Seçilən
61
pravda.az

1Mənbələr