Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edənlər Uşaq Paralimpiya Oyunlarının keçirilməsində əsas məqsədin 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlbi ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılması olduğunu diqqətə çatdırıblar. Həmçinin milli paralimpiya hərəkatının ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşmasından və inkişafından bəhs edilib. Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb.
Sonra yarışlara start verilib. Qələbə uğrunda 130-dan çox uşaq paralimpiyaçı mübarizə aparıb. Onlar 6 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, boccia) üzrə müxtəlif kateqoriyalarda yarışıblar.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.