AZ

Dəyişən dünya və sabahın çağırışları

Texnoloji inkişafın müsbət və mənfi tərəflərini balanslaşdırmaq cəmiyyətin davamlı inkişafı üçün çox vacibdir. Biz yalnız bu yolla baş verən və baş verəcək proseslərdə riskləri düzgün idarə edərək, bu günün və gələcəyin texnologiyalarından qaynaqlanan zərərləri azalda, faydanı isə artıra bilərik.

İstəsək də, istəməsək də, dünya sürətlə dəyişir. Dünyanı dəyişən isə insanlardır. Texnoloji, ekoloji, iqtisadi və sosial sahələrdə dəyişikliklər baş verdikcə isə insanların mədəni münasibətlərdən qaynaqlanan dəyərləri, etik davranış və normaları da dəyişir. Bu, xüsusilə texnologiya sahəsinə aiddir. Texnoloji inkişaf həm fərdi olaraq, həm də biznes mühitinin daha rəqabətədavamlı, uğurlu fəaliyyəti ilə inkişafına imkan yaratmaqdadır.

Texnologiyaların tətbiqi ilə bir çox proseslərin avtomatlaşdırılması sürətli və səmərəli şəkildə baş verməklə, əsas amil olan məhsulun keyfiyyəti və təhlükəsiz istehsalı təmin edilmiş olur. Texnoloji inkişafla hər bir müəssisə və qurum üçün önəmli olan geniş məlumat analizinin aparılması strateji qərarların qəbul edilməsində böyük əhəmiyyət daşıyır. O cümlədən, rəqəmsal və mobil cihazların vasitəsi ilə müxtəlif məkanlarda olan işçilər arasında səmərəli əlaqələrin qurulması ilə əməliyyatların daha məhsuldar şəkildə icrası təmin edilir.

Bu kimi fəaliyyətlərin həyata keçirilməsində əsas və ən dəyərli resurs olan əməkdaşların onlayn səriştəsini artırmaq imkanı da vacib amillərdəndir. Nəticə etibarı ilə, texnologiyanın inkişafı bütün kateqoriyadan olan insan fəaliyyətinin daha asan, səmərəli və məhsuldar olması ilə tələblərə daha çevik cavab vermək imkanı verir.

Onu da vurgulayaq ki, texnologiyanın inkişafı insanların yalnız iş həyatında deyil, həm də təhsil sistemində tələbələrin zaman və məkandan asılı olmayaraq dərslərə daxil olması, alış-veriş etməsi və digər xidmətlərdən istifadəsi üçün də şərait yaradır. Son pandemiya dönəmində işçilər texnoloji imkanlardan yararlanıb onlayn platformalar vasitəsilə məsafədən çalışmaq və əməkdaşlıq etmək, tələbə və şagrdlər isə təhsillərini davam etdirmək imkanı əldə etdilər. Hətta rəqəmsal imza xidmətləri vasitəsilə zəruri sənədlərin imzalanması ilə proseslər sürətlə həyata keçirildi ki, bu da çətin dönəmdə məhsuldarlığı və səmərəliliyi qoruyub saxlamağa kömək etdi.

Burada müasir texnologiyaların tətbiqinin bəşəri problem olan terrorizm və cinayətkarlığa qarşı mübarizədəki rolunu xüsusilə qeyd etmək istərdim ki, bu da önləyici tədbirlərin görülməsi ilə bir çox faciələrin qarşısının alınması imkanlarının mümkünlüyüdür.

Bütün deyilən müsbət hallarla yanaşı, burada mənfi tərəflərin də olması qaçılmazdır. Belə ki, texnoloji inkişaf nəticəsində sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, xidmət sektoru daxil olmaqla, demək olar ki, bütün sahələrdə işsizliyin artması ilə cəmiyyətdə sosial fərqlərin yaranması labüdləşir. Bu kateqoriyadan olan insanların maddi vəziyyətlə bağlı, digər çalışanların isə texnoloji avadanlıq və məhsullardan qaynaqlanan həyat tərzi nəticəsində sağlamlıq problemləri ilə qarşılaşma riskləri mövcuddur. Eyni zamanda, kibercinayətkarların müdaxiləsi ilə insanların şəxsi məlumatlarının və müəssisələrin kommersiya maraqlarının qorunub saxlanılmasında da risklərin olması mümkündür. Sürətlə gedən texnoloji inkişaf prosesi milli-mədəni dəyərlərin dəyişməsi, bəzi hallarda itirilməsi ilə də nəticələnə bilər.

Beləliklə, texnoloji inkişafın insanlar üçün fiziki və digər sağlamlıq problemləri, məxfilik və təhlükəsizlik riskləri, sosial izolyasiya və işsizlik kimi mənfi təsirləri ilə yanaşı, ətraf mühitə analoji təsirləri də özünü göstərməkdədir. Belə ki, elektron avadanlıq və cihazların, enerji resurslarının izafi istifadəsi ilə təbiətə atılan təhlükəli tullantılar ətraf mühitin çirklənməsinə və nəticədə iqlim dəyişikliyinə səbəb olmaqdadır. Yeri gəlmişkən, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ötən ay Azərbaycanda keçirilən və dünya ölkələrinin bir araya gəldiyi platforma – BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində COP29 illik beynəlxalq sammiti iqlim maliyyəsi, karbon bazarları və emissiyaların azaldılması istiqamətində fəaliyyətlərlə yanaşı, dayanıqlı rəqəmsal təcrübələrə, enerji istifadəsinin sülh və təhlükəsizliklə əlaqələndirilməsi, eləcə də yaşıl innovasiyalara sərmayələrin artırılması ilə inkişaf etməkdə olan ölkələrə dəstək verilməsi kimi məsələləri ehtiva edirdi.

Daha əvvəl qeyd etdiyimiz kimi, texnologiyanın inkişafı ilə baş verən və gələcəkdə baş verəcək proseslərdə riskləri düzgün idarə edərək, müsbət təsirlərdən maksimum faydalanmaq, mənfi təsirlərindən isə minimum ziyan görmək yenə də insana bağlı olan amillərdir. Bunun üçün doğru qanunvericilik, təhsil və uyğun insan resursları əsas şərtdir. Hazırkı və gələcək istifadəçilərin texnologiyalardan doğru istifadəsi və rəftarı ilə bağlı maarifləndirici iş də zəruridir. Bütün sferalarda insanların hüquqlarını qorumaq üçün müvafiq strategiyaların hazırlanması, qanunvericilikdə məlumatların mühafizəsini təmin edən normativ aktların kibertəhlükəsizlik və məxfilik məsələlərini tənzimləyən müvafiq standartların müəyyən edilməsi prioritet məsələlərdəndir.

Sürətli inkişaf müxtəlif sahələrdə liderlik və idarəetmə bacarıqlarının vacibliyini artırmaqla, müasir texnologiyalara uyğun səriştələrə malik olan işçi qüvvəsinə təlabatı daha da aktuallaşdırır. Vacib səriştəliliklər sayəsində informasiya texnologiyaları və proqramlaşdırma, verilənləri toplayıb, əlaqələndirmək bacarığı, məlumatların qorunması, kibertəhlükəsizlik və müdafiə strategiyalarını tətbiq etmək vərdişi, kreativ yanaşmalar, komanda işi, etik prinsiplərə uyğun qərar vermək, gələcək trendləri analiz edib müvafiq strateji planlar hazırlamaq, insan resurslarını effektiv idarə etmək kimi kompetensiyalara malik olmaq mümkündür. Düşünürəm ki, istənilən zaman kəsiyində digər resursları idarə edən, ən dəyərli resurs olan insanların özlərinin də doğru idarə edilməsi liderlərin, yuxarıda qeyd etdiyimiz, funksional səriştəlilikləri ilə yanaşı, onların davranış etikası və dəyərlərinə riayət etməsindən daha çox asılıdır. Bu, onların həm öz komandalarına, həm də cəmiyyətə qarşı məsuliyyətlərini əks etdirir. Liderlər öz vətəndaşlıq borclarını və vətənə olan məhəbbətlərini əməli fəaliyyətlərində göstərməklə, milli maraqların qorunması və cəmiyyətin rifahı üçün çalışmaqla milli resursları və insan potensialını ən yaxşı şəkildə istifadə etməklə yerinə yetirməli, ədalətli, dürüst və insanlara qarşı qayğıkeş olmaqla bu missiyanı şərəflə icra etməlidirlər. Sözdə deyil, əməldə dövlət siyasətini, təşkilatın dəyərlərini və missiyasını mənəvi prinsiplərə uyğun olaraq həyata keçirməklə digər işçilər üçün də nümunəvi davranışlar nümayiş etdirməklə etik mədəniyyəti təşviq etmək mümkündür.

Bütün bunlar insanlıq missiyamızın icrası ilə yanaşı, həm də işçilərin motivasiyasını və məmnuniyyətini artırmaqla, daha ədalətli və səmərəli bir iş mühitinin yaradılmasını təmin etmiş olar.

Asif BƏKİRLİ,
Əməkdar mühəndis

Seçilən
32
xalqqazeti.az

1Mənbələr