Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi və kitablarının təqdimat mərasimi keçirilib.
Xalq yazıçısı Çingiz Abdullayev “Ömürdən sonra…” adlanan məclisi açaraq bildirib ki, İsmayıl Qarayevin əsərləri həyatın müxtəlif aspektlərini, insanın daxili dünyasını təsvir edərək, oxuculara dərin düşüncə və yeni baxış bucağı təlqin edir.
AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir yazıçının həyatı barədə məlumat verib. O deyib ki, İsmayıl Qarayev 1927-ci il dekabrın 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Gəncə Tibb Texnikumunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tibb işçisi kimi başlasa da, sonralar bir neçə qəzet və nəşriyyatda işləyib, həmçinin müxtəlif ədəbi-bədii verilişlərin ssenari müəllifi, aparıcısı və redaktoru olub.
Xatırlanıb ki, yazıçının ilk kitabı “O və mənim anam” 1964-cü ildə çapdan çıxıb. İsmayıl Qarayev 120-dən artıq roman, povest, poema, publisistik əsərin, onlarla kitabın müəllifi, bir çox məşhur yazıçıların əsərlərinin redaktoru, bir neçə xarici ölkə yazarlarının əsərlərinin tərcüməçisi kimi zəngin yaradıcılıq yolu keçib, əsərləri türk, rus və digər dillərə tərcümə edilərək nəşr olunub. Sağlığında “Aydınlıq”, “Tərtərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Əməyin bəhrəsi”, “Gecə keçir”, “Tülkü və canavar”, “V.Şklovski.Marko Polo” (tərcümə) kitabları çap olunub. Vəfatından sonra yazıçının 70-dən artıq kitabı dəfələrlə nəşr edilib.
Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, “Apostrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digərləri İsmayıl Qarayevlə bağlı xatirələrini bölüşüblər.
Sonda yazıçının övladı, tanınmış yazıçı-publisist Vəsimə İsmayılqızı atası ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, 2008-ci ildə yazıçının həyat və yaradıcılığından bəhs edən “Qələmə sarılmış ömür” adlı biblioqrafik göstərici kitabı nəşr olunub.
XQ