Dekabrın 8-də Azərbaycanın Hindistandakı səfirliyi paytaxt Nyu-Dehlidə təşkil olunmuş növbəti diplomatik xeyriyyə yarmarkasında iştirak edib.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, şəhərin mərkəzi Nehru Parkında açıq havada qurulmuş ölkə və korporativ stendlər arasında Azərbaycan adının, bayrağının yerləşdiyi guşə də yer alıb.
Azərbaycan səfirliyinin diplomatik və inzibati heyətinin, onların ailə üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlmiş stendimizdə ölkəmizin milli mətbəxi, zəngin tarixi və mədəniyyətinin nümunələri təqdim olunub.
Gün ərzində fəaliyyət göstərən Azərbaycan stendi yarmarkada iştirak edən diplomatik korpus üzvləri və hindistanlı ziyarətçilərin böyük marağına səbəb olub.
Yarmarka Dehli Qadınlar Assosiasiyası Fondu və xarici ölkələrin səfirliklərinin iştirakı ilə 1988-ci ildən etibarən hər il keçirilir. Əldə olunan vəsait aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud uşaqların təhsili və müalicəsi məqsədlərinə yönəldilir