AZ

Doha Forumunun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib

Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu bu gün işini yekunlaşdırıb.

QAZÍLER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, dekabrın 7-də başlanan forumun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib. Qlobal sistemin üzləşdiyi çətinliklər, onun böhranlara və qlobal problemlərə reaksiyasını gücləndirmək üçün istifadə edilə biləcək mexanizmlər və vasitələr müzakirə mövzularından olub.

"Seçki ilindən sonra mümkün tərəqqi" adlı sessiyada natiqlər 2024-cü ildə hökumətlərdəki dəyişikliklərin beynəlxalq münasibətlərə və qlobal böhranlara cavab perspektivlərinə təsiri barədə danışıblar. Çıxışlarda beynəlxalq sistemin bir çox böhranlar və qlobal problemlərlə mübarizədə uğursuz olduğu bildirilib, qlobal sistemin gücünü artırmaq üçün yeni yanaşmaların və digər təsirli tərəflərin iştirakının vacibliyi vurğulanıb.

Builki forumun açılış mərasimində Qətər Dövlətinin, Seneqal, Dominikan, Namibiya, Bosniya-Herseqovina, Qazaxıstan, Ruanda və Mərkəzi Afrika respublikalarının dövlət başçıları, ümumilikdə 150-dən çox ölkədən 4 min 500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak ediblər.

Forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə olunub. Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş, humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edib.

Forum çərçivəsində Qətərin vasitəçilik və qlobal sülh quruculuğu sahəsindəki səylərini əks etdirən “Sülhə aparan yol” adlı sərgi də keçirilib.

21-ci Doha Forumu 2023-cü ilin dekabrında baş tutub. Tədbirdə 120 ölkədən 3 min 500-dən çox qonaq və 270-dən çox spiker iştirak edib.

Seçilən
26
1
qaziler.az

2Mənbələr