AZ

Xəstələrin qanı ilə qırılan sümükləri müalicə edən implant hazırlanıb

Yazını böyüt
Yazını kiçilt

Alimlər xəstələrin öz qanından istifadə edərək qırıq sümükləri müalicə etmək potensialına malik implant hazırlayıblar.

Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, insan bədəni zədələndikdə özünü sağaltmaq qabiliyyətinə malikdir. Qan laxtalanır və kiçik kəsikləri düzəldirsə də, daha böyük xəsarətlər üçün bunu edə bilməz.

Böyük Britaniyanın Nottingem Universitetinin tədqiqatçıları orqanizmin özünü bərpa etmək qabiliyyətini artıracaq material hazırlayıblar. Yaralanma halında qan, regenerativ hematoma (RH) adlanan strukturları meydana gətirərək toxumanı bərpa edir.

Elm adamları laboratoriyada hazırladıqları peptid amfifillər adlı zülalları insan qanına əlavə edərək, RH-nin daha təsirli şəkildə meydana gəlməsini təmin ediblər.

Nəticəni “Advanced Materials” jurnalında dərc edən komanda, peptidlər sayəsində daha möhkəm RH-lərin qurulduğunu və təmir prosesində iştirak edən bir çox hüceyrənin effektiv işlədiyini qeyd edib. Tədqiqatçılar həmçinin bildirirlər ki, yeni material istənildiyi kimi dəyişdirilə və üçölçülü çap edilə bilər.

Məqalənin həmmüəllifi Dr. Kozimo Ligorio əlavə edir: "İnsanların qanını asanlıqla və təhlükəsiz şəkildə yüksək regenerativ implantlara çevirmək imkanı həqiqətən həyəcanvericidir".

Qan praktiki olaraq pulsuzdur və xəstələrdən nisbətən böyük miqdarda asanlıqla götürülür.

Komanda yeni üsulu siçovullarda sınaqdan keçirib, burada onların kəllələrinin kiçik hissələri çıxarılıb. Heyvanların qanına sintetik peptidlərin əlavə edilməsi nəticəsində əldə olunan güclü RH-lər kəllə sümüyünün boşluqlarına daxil edilib. İmplantla siçovullarda yeni sümük əmələ gəlməsinin səviyyəsi 6 həftədən sonra 62 faiz, müalicə olunmamış heyvanlarda isə bu göstərici cəmi 30 faiz qeydə alınıb.

Hazırda istifadə edilən süni sümüklə müalicə olunan siçovullarda təxminən 50 faiz yaxşılaşma müşahidə olunub.

Yeni implantın insanlara tətbiqi üçün daha çox araşdırma tələb olunsa da, elm adamları tapıntıların ümidverici olduğunu düşünürlər.

Araşdırmaya rəhbərlik edən Prof. Alvaro Mata deyir: "Bu "bio əməkdaşlıq" yanaşması təbii müalicə prosesinin mexanizmlərindən istifadə edərək və təkmilləşdirərək bərpaedici materiallar istehsal etmək imkanı verir".

Seçilən
26
hafta.az

1Mənbələr