AZ

Müstəqillik tarixinin ilk Zəfər paradı

 Bakının Azadlıq meydanında 2020-ci il dekabrın 10-da keçirilmiş möhtəşəm Zəfər paradı 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Fədakar övladlarının qəhrəmanlığını yüksək qiymətləndirən xalqımız möhtəşəm Zəfər paradını qürurla xatırlayır.

2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər paradında düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız nümayiş etdirildi.

Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyib.

Parad zamanı meydandan 3000 nəfərdən çox şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin keçidi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paraddakı çıxışında deyib: “Bu gün tarixi gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.

Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyətinin Azərbaycanın Dövlət bayrağı və hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribuna önündən keçidi, Dövlət bayrağının və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqlarının Azadlıq meydanına gətirilməsi hər bir vətəndaşımıza sonsuz qürur hissi yaşadıb.

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişidir. Bütün dünya bir daha gördü ki, Ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. “Bir millət, iki dövlət” olan qardaş ölkələr yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm Qələbə sədaları altında addımladılar. Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının dünyaya yeni bir təqdimatı oldu. Bütövlükdə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı Qələbəsini nümayiş etdirməklə yanaşı, bir daha qardaşlığının sarsılmazlığını dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə və Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı.

Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdəki çıxışlarında Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun gücünün təzahürü kimi qiymətləndirib.

Beləliklə, “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqidir. Bu şanlı Qələbəni siyasi-diplomatik və iqtisadi müstəvidə də uğurla davam etdirən Azərbaycan regionda əməkdaşlıq və rifah üçün yeni reallıqlar yaratması qarşıda hələ çox zəfərlərin olacağını deməyə əsas verir.

2023-cü il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Təxminən 24 saat davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, “Dəmir yumruğ”un yerində olduğunu Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradda iştirak edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi: “Qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan heç kim göndərə bilməzdi və mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi”.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərin üçüncü ildönümü münasibətilə Xankəndi şəhərində təşkil edilən hərbi parad dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır.

Həbib Məmmədov – ehtiyatda olan polkovnik, müharibə veteranı

 

 

Seçilən
17
1
veteninfo.az

2Mənbələr