AZ

Suriyalı qaçqınlar üçün yeni ÜMİD - Onlar ən çox bu ölkələrdə yaşayırlar

Suriyada 50 ildən artıqdır davam edən Əsəd hakimiyyəti devrildi. Müxalif silahlı qüvvələr ölkədə hakimiyyəti ələ alıblar. Prezident Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb və Moskva onlara sığınacaq verib.

Müxtəlif ölkələrdə yaşayan suriyalılar Bəşər Əsədin devrilməsini bayram kimi qeyd ediblər. Suriyalı qaçqınlar ölkələrinin Avropadakı səfirlikləri önünə toplaşıblar.

2011-ci ildə başlayan vətəndaş müharibəsi milyonlarla suriyalının qaçqın və məcburi köçkün düşməsinə səbəb olub. 

Modern.az-ın məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 14 milyona yaxın suriyalının ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

Münaqişədən qaçan suriyalıların 80 faizindən çoxu Suriya ilə həmsərhəd ölkələrə gediblər.

Suriyalıların ən çox üz tutduğu ölkələrdən biri Türkiyədir. Qardaş ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə müvəqqəti yerləşən suriyalıların sayı 3.5 milyondan artıqdır. 

Suriyalı qaçqınlara ən çox ev sahibliyi edən növbəti ölkələr Livan (təxminən 855 min), İordaniya (665 min), Almaniya (500 mindən çox), İraq (245 minə yaxın), Misir (130 mindən çox), İsveç (110 mindən çox), Kanada (70 mindən çox) və digər ölkələrdir. 

Qeyd edək ki, Suriya daxilində 6 milyondan çox vətəndaş yerini dəyişmək məcburiyyətində qalıb. Əsəd hakimiyyətinin devrilməsindən sonra onların öz yerlərinə qayıdacağı gözlənilir. 

Hakimiyyəti ələ keçirən qüvvələr dünyanın dörd bir yanında yaşayan suriyalılara müraciət edərək vətənlərinə dönmələrini istəyib. Müxtəlif ölkələrdə yaşayan suriyalı qaçqınlar sosial şəbəkələrdə Suriyaya qayıtmaq istədiklərini bəyan ediblər.

Seçilən
19
44
modern.az

10Mənbələr