AZ

Bankların girovunda olan millət

(Panflet)

 

Mənə elə gəlir ki, Yer kürəsində azərbaycanlılar qədər sadəlövh, hər sözə həmin dəqiqə inanan, hər millətin dediyi fikri elə həmin dəqiqə qəbul eləyən, yalan və doğruluğundan asılı olmayaraq, dünyada baş verən informasiyaları, xəbərləri  elə həmin dəqiqə qəbul eləyən ikinci millət yoxdur. Bəs bu nədən belədi? Niyə biz beləyik?..

Birinci ona görə ki, hər  bir fikiri, hər bir sözü məntiqlə təhlil etmədən, bir qədər soyuq düşüncəyə, çox şeyə etinasız yanaşmağa və ən əsası da böyük səbrə malik millət deyilik. İkinci gəlin danmayaq ki, biz toplum halında böyük savada malik millət deyilik. Bunun da səbəbi Sovetlər quruluşu dağılandan sonra hansısa qara qüvvələr, qara düşüncəli beyinlər Azərbaycan təhsilini məhv eləyib, millətin savadsız, nadan yetişməsinə  rəvac verdilər. Bu gün də  bu  dəhşətli problemi həll etməkdən acizik...  Düzdür hamımız orta və çoxumuz ali təhsilin  sənədlərini almışıq. Amma çoxumuzun  dünyanın üzdə olan millətləri arasında  nə orta məktəb səviyyəsində, nə də aldığımız ali təhsil səviyyəsində biliyimiz yoxdur.

Mənə elə gəlir ki, dünyada bizim kimi analoqu olan millət yoxdur ki, uşaqlarımız heç nə bilmədiyi halda müəllimə pul veririk  və  yalvarıb- yaxarırıq  ki, ona yaxşı qiymət yazsın. Pul veririk ki, övladımız ali məktəbə girsin və sonra diplom da alsın.  Və sonra  da deyək ki, “övladım  ali təhsillidir”. Və dünyada elə bir millət də yoxdur ki, aldığı ali təhsil diplomunu kənara qoyub, başqa sahədə işləsin. Amma bizim cavanların ən azından yetmiş  faizi diplom aldığı sahədə işləmir. Nə isə... Çox unikal, çox maraqlı millətik... Ən maraqlısı  da budur ki, bu neqativ cəhətlərimizə görə özümüzü yox, başqalarını yamanlamağı  xoşlayırıq. Həm də bəxtimizdən şikayətlənirik ki, niyə bizim işlərimiz gətirmir?  Niyə  arzularımızı reallaşdıra bilmirik?  Niyə  məmurlarımız millətə divan tuturlar?.. Və sair... və iləaxır...

Ən dəhşətlisi isə budur ki, millətin çoxu  işsizdir. Heç yandan ailəsinə pul qazanıb gətirə bilmir. Təsəvvür eləyin ki, ata bütün günü çayxanada oturub  nərd, şeş-beş oynayır, ya da  “laqqırtı vurur” və  axşam  əlləri cibində  evə qayıdır. Uşaqqlar isə evdə ac oturub, onun evə  çörək, yavanlıq gətirməsini gözləyirlər. O isə evə əlləri boş cibində  qayıdır. Uşaqlarının  sual dolu baxışlarını görür. Ailə dərdi çəkən kişi utandığından başını aşağı dikir və ürəyində Allaha yalvarır ki, “uşaqlarımın bu baxışlarını görməmək üçün Yer aralansın və yerə girim”. Amma ailə dərdi çəkməyən kişi isə fikirləşir ki, “mən nə edim? İş yoxdur  də. İş olsun işləyim”.

Bəli. Bu gün məmləkətimizdə belə babalar, belə nənələr, belə atalar və analar milyonlarladır. Ən dəhşətlisi də budur ki, bu reallıqdır və həqiqətdir.  Amma, lakin ən dəhşətlisi isə budur ki, günü-gündən zavodlar, fabriklər və başqa iş yerləri açılmaqdansa, köhnələri də bağlanır və işsizlik ordusu günü-gündən, saatba-saat artır... Və ən dəhşətlisi, ən faciəvisi odur ki, bu faciənin qarşısını almaq, insanlarımızı işlə təmin etmək istəyən  məmurlar  demək olar ki, yoxdur... Çünki məmurların çoxu xalqı yox, özünü, öz ailəsini, yaxınlarını fikirləşir... Sahibkarların isə başına elə oyunlar açırlar ki, onlar da iş yerlərini bağlayıb, ordan-burdan pul tapıb, banklara olan borclarını bağlamaq və xarici ölklərdə iş qurmaq haqqında   yollar  arxtarırlar...

Bu  dəhşətlərin, problemlərin  içində bu gün məmləkətimizdə keyfdə-damaqda yaşayanlar isə bank müdirləri və onların əlaltıları olan yaxın  işçiləri, qohumlarıdır. Buradan belə bir sual ortya çıxır. Niyə məhz bank müdirləri və onlara yaxın olanlar keyfdə-damaqda yaşayırlar?  Elə bu sualın ardınca başqa bir sual da yaranır. Bəs ac qalan millət  öz uşaqlarının, ailəsinin ac qalmaması üçün nə etməlidir? Onları nə ilə dolandırmalıdırlar? Birinici  beyninə, ağıla  gələn fikir belə olur: “ Gedib bankdan sələminə pul  götürüm və alver eləyib, ailəmi dolandırım”. Bununla da bu biçarə mənim qəhrəmanım, mağmun adam  banka gedir və  bank müdirlərinin girovuna çevrilir. Gəlir banka və bank işçiləri mənim qəhrəmanımı özlərinin əvvəldən düşünülmüş gözəl rəftarı, şirin dilərilə, hətta ilanı belə yuvasından  çıxarmaq qabiliyyətinə malik pərgar danışıqları ilə  tam girova çevirirlər. Bax, bu bank işçiləri  hər ailədən bir-iki nəfəri belə “tora salmaqla” beləliklə, demək olar ki, bütövlükdə milləti öz girovlarına çeviriblər. Məmələkətimizdə isə gör nə qədər bank var?!..

Bank müdirləri də yaxşı bilirlər ki, onlara müraciət edən bu biçarə, yazıq, mağmun, arxasız, kimsəsiz mənim qəhrəmanım kimi adamlarla öz istədiklərini eləyə biləcəklər. Onu gələcəyin ən böyük biznesmeni, taciri, milyonlar sahibi olacaq adamı kimi yaxşı-yaxşı tərifləyib, qoltuğuna qarpız verirlər. Bu sahələrdən xəbəri olmayan mənim qəhrəmanım kimi mağmun  adamlar, bank işçilərinin çaldığı hava ilə oynamağa başlayırlar. Allahın  xohfundan qorxmayan  bank müdirləri və  işçiləri onlara müraciət edən adamın nəyə qadir olduğunu  belə düşünmədən, onlara gələcək işlərini necə qurmağı öyrətmədən, onlara adi bir həşərat kimi baxmaqla, ona  verəcəyi pulun miqdarına böyük faizlər  yükləyirlər. Beləliklə, “acgözü yalançı aldadar”  atalar sözü tam baş tutur. Onlar heç fikirləşmirlər ki, Məhəmməd Peyğəmbər sələm verənlərlə bağlı belə bir kəlam deyib: “Sələm verənin Allahı, dini  və milləti yoxdur”.

Beləliklə, bankdan böyük sələminə pul götürən mənim qəhrəmanım və onun kimi milyonlarla biçarələr özlərinə böyük illüziyalar qururlar ki, götürdükləri pulla böyük ticarət işləri quracaqlar. Maşın alıb, “xaltura” edəcəklər. Ya da həmin maşını icarəyə verib, yaxşı pul qazanacaqlar. Amma fikirləşmirlər ki, bank müdirlərinin və işçilərinin  yağlı vədlərinə, şirin dillərinə inanıb onların dərin quyu olan toruna düşürlər...

Yer kürəsində heç bir  ölkədə  bank yoxdur ki,  öz müştərisinə verdiyi pula görə ondan hər ay 20-30-40  faiz miqdarında sələm alsın. Bu analoqu olmayan dəhşətli hadisə yalnız və yalnız Azərbaycan adlı biçarə, hüquqları qorunmayan  məmləkətdə var.

Əlli-altımış və hətta  yüz əlli min manatlıq evini banka girov qoyan mənim qəhrəmanım kimi milyonlarla biçarə, mağmun  adamlar bankdan 10-20 min manat civarında  pul götürürlər. Həmin puldan da əvvəlcədən bank iki-üç ayın sələm pulunu tutur. Beləliklə, 10 min manat pul götürən mənim qəhrəmanım həmin pulun elə bu başdan 3 min manatını  geri qaytarır. Çünki o, aldığı 10 min manatın əvəzinə banka 13 min manat qaytarmalıdır.  Beləliklə, yeddi min manatla  bankdan çıxan mənim qəhərəmanım  görür ki, borca pul götürdüyü adamlar bankın qarşısında onu gözləyir. Uzun “çək-çevirdən”  sonra həmin pulun 4 min manatını onlara verməli olur. Sonra görür ki, arvadı bir kənarda uşaqları ilə dayanıb, onun bankdan pul almasını və oradan çıxmasını səbirsizliklə gözləyirlər. Arvad dava-şava ilə mənim qəhrəmanım -ərini bazara aparıb, yaxşı bazarlıq etdirir və  özünə, uşaqlara pal-paltar aldırır. Beləliklə, mənim qərhəmanım həmin pulun min manatını da bazarda qoyub, oradan çıxır. Arvad, uşaqlar sevinir, amma mənim qəhrəmanımın ürəyindən “qara qanlar” axır. Həyətə çatanda görür ki, hər gün çayxanada nərd, damino oynayan “çaşqa-loşkası da” həyətdə onu gözləyirlər. Məcbur olur ki, onlarla gedib yeyib-içsin. Üç yuz manat da belə gedir. Yerdə qaldı nə qədər? Cəmi min yeddi  yüz manat. Həmin pulun da yeddi  yüz manatını sahə müvvəkkilinə, bazarın müdirinə və başqa  “soxulcanlara” paylamalı olur. Axı onlar imkan verməsə  o, bazarda alver eləyə bilməz. Yerdə qalan min manata ticarəti və bu işin incəliyini bilməyən mənim qəhrəmanım alver etməyə başlayır.  Fikirləşir ki, bu pulla “qaz vurub, qazan dolduracaq”. Amma işləri gətirmir. Həmin pulu da arada  “batırır”  və mənim qəhrəmanım tam müflis olur. Beləliklə, qalır bankın əlində girov. Və başlayır özünü söyməyə ki, “niyə mənim işlərim gətirmədi? Niyə Allah  mənə köməklik eləmir?  Niyə məni belə qarabəxt yaradıb?” Əvvəldən ağlı, düşüncəsi, məntiqi olmayan mənim bu qəhrəmanım fikirləşmir ki, “axı reallığı görmədən mən niyə gedib bankdan pul götürdüm?” Bax, bu gün mənim qəhrəmanım kimi milyonlarla insanlarımız bankların girovuna məhz  belə  çevriliblər. Onlar bank müdirlərinin torlarına necə düşüblərsə illərlədir oradan çıxa bilmirlər...  Aldıqları pulları qaytara bilmədiklərindən banklar onların evlərini dəyər-dəyməzinə satıb, öz pullarını götürmək istəyirlər.  Məhkəmə çəkişməsi illərlədir ki, davam eləyir... Çoxunun da evləri satılıb və məcbur olublar ki, kirayədə yaşasınlar...

Sizə nə deyim ay bank müdirləri... Deməli, siz həqiqətən də millətin düşmənisiz. Məgər siz əvvəlcədən bilmirsiz ki, bu mağmun adamlar sizdən götürdükləri pulları qaytara  bilməyəcəklər? Bilirsiniz.  Bəs onda niyə həmin bədbəxtə, mağmuna  o pulu verirdiniz?  Niyə  milləti bu formada çökdürürsüz və xalqın hakimiyyətə nifrətini, inamsızlığını  yaradırsız?..   Doğrudan da Məhəmməd Peyğəmbər düz deyib: “Siz sələmçilərin nə imanı, nə milləti, nə də Allahı yoxdur”.

Arada zəlil günə və bankların girovluğuna düşən  isə  yazıq, biçarə millətdir. Bu millət bankların toruna necə düşüblərsə Böyük Tanrı da onalara  kömək etməkdə acizdir. Bəli, bəli acizdir. Çünki bu bank işçiləri yeri gəlsə Allahı da aldadıb, bankın müştərisi eləyə bilərlər. İnanmırsız? Axı onlar Şeytandan törəmədirlər...  Şeytanın törəmələrindən nə desən gözləmək mümkündür. Mümkündür...

Ağalar  İDRİSOĞLU, 
Əməkdar incəsənət xadimi

Seçilən
13
herbiand.az

1Mənbələr