AZ

Moskva Suriya müxalifətindən qarantiya aldı - Hərbi bazalara toxunulmayacaq

Moskva Suriyada hakimiyyəti ələ keçirmiş silahlı müxalifət liderlərindən Rusiyanın bu ölkədəki hərbi bazalarının təhlükəsizliyinə zəmanət alıb.

Modern.az xəbər verir ki, bu barədə Kremldəki mənbənin TASS-a verdiyi məlumatda bildirilib.

Üsyançılar Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarəti ələ keçiriblər. Onlar Tartus və Cebla ərazilərinə Dəməşqdəki müxalifətin Suriya prezidenti Bəşər Əsədin devrilməsini elan etdiyi bir vaxtda daxil olublar.

“Müxalifətin silahlı qüvvələri normal fəaliyyət göstərən Rusiya hərbi bazalarının ərazisini işğal etməyib və işğal etmək niyyətində deyil”, - agentliyin mənbəsi vurğulayıb.

Bundan əvvəl yayılmış məlumatda Rusiya hərbi komandanlığının Latakiyadakı Xmeymim aerodromundan texnikanın çıxarılmasına başladığı bildirilmişdi.

“Dünən bir neçə İl-76 və An-124 təyyarəsi aerodroma gəldi, əvvəllər Suriyaya müxtəlif ağır texnikanın, məsələn, S-400 hava hücumundan müdafiə sisteminin maşınlarının sürətlə daşınması üçün istifadə olunurdu”, - teleqram kanalında qeyd olunub. Bu məlumatı Aerokosmik Qüvvələrin kapitanı İlya Tumanov təsdiqləyib. Onun sözlərinə görə, texnikanın geri çəkilməsi ilə bağlı qərar üsyançılar Suriyanın paytaxtı Dəməşqi ələ keçirdikdən sonra verilib.
“Bizim ixtiyarımızda yalnız bir aerodromumuz var ki, geri çəkilmə ya Rusiyaya olacaq, ya da Afrikaya”.

Bundan əvvəl müşahidəçilər Rusiya gəmilərinin Tartusdakı hərbi dəniz bazasından çıxarılmasının ilk əlamətlərini də müşahidə etmişdilər.

Məlumata görə, dekabrın 2-də səhər saatlarında Rusiya qüvvələrinin Aralıq dənizində saxlanması üçün vacib olan “Yelnya” tankeri Tartusdan çıxıb. Ümumilikdə Rusiyanın Suriyadakı hərbi dəniz qrupuna 5 gəmi və 1 sualtı qayıq daxildir. Bunlara iki “Admiral Qorşkov” sinifli freqat, bir “Admiral Qriqoroviç” sinifli freqat, təkmilləşdirilmiş “Kilo” sinifli sualtı qayıq və iki yardımçı gəmi daxildir.

Dekabrın 8-də suriyalı üsyançılar müqavimətlə qarşılaşmadan Suriyanın paytaxtı Dəməşqi ələ keçirərək Bəşər Əsəd rejiminin süqutunu elan ediblər. Əsəd özü və ailəsi Rusiyaya uçub və oradan sığınacaq alıb.
Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Əsədin üsyançılarla danışıqlardan sonra prezidentlik postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” ölkəni tərk etdiyini bildirib.

Rusiya Aerokosmik Qüvvələrinin aviaqrupu 2015-ci ildən Suriyadakı Xmeymim aviabazasında İŞİD-lə mübarizə üçün bağlanmış müqavilə çərçivəsində daimi əsasda yerləşdirilib. Rus təyyarələri üsyançıların nəzarətinə keçən Palmira və Homs aerodromlarından da istifadə edib.

Suriyanın Aralıq dənizi sahilində yerləşən Tartusdakı hərbi dəniz bazası Rusiya üçün strateji obyektdir. 2015-ci ildə Moskva Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmək qərarına gələrək Əsədin tərəfini tutmaq üçün qoşunlarını Tartusda yerləşdirib.
 

Seçilən
26
10
modern.az

10Mənbələr