Ötən illərdə olduğu kimi bu ildə də şou-biznes aləmində davalar, qırğınlar az olmadı. Bir-birinin üzünə gülüb arxasınca danışanlar, əsəbiləşib efiri savaş meydanına çevirənlər, əlbəyaxaya çıxıb məhkəyəmə düşənlər də oldu. Bir sözlə, məşhurlar “Əjdaha ili”nin təsirinə düşüb “od püskürdülər”.
OLAY geridə qoyduğumuz aylara nəzərən bu ilin ən yaddaqalan qalmaqallarını təqdim edir:
2024-cü ilə elə yenicə başlamışdıq ki, müğənni Kərim Abasov açdı ağzını, yumdu gözünü.
İfaçını əsəbiləşdirən isə həmkarı Zamiq Hüseynov olub. Sənətçi bildirib ki, həmkarı Zamiq Hüseynov gözəllik salonlarında onun haqqında xoşagəlməz fikirlər səsləndirib.
Bu ilin növbəti qalmaqalı isə aparıcı Vüsalə Əlizadə və müğənnilər Sevil – Sevinc Səfərova bacıları arasında yaşanıb.
Belə ki, Vüsalə aparıcılıq etdiyi “İncə səhər” verilişində bacılarından yemək hazırlamağı istəyib. Əkizlər isə “Biz bura yemək hazırlamağa yox, mahnı oxumağa gəlmişik” cavabı ilə qarşı tərəfə sərt şəkildə cavab veriblər. Bundan sonra onlar bir-birinə düşmən kəsilib.
Müğənnilər Nigar Camal ilə Şəbnəm Tovuzlunun ulduzu barışmır ki, barışmır.
Belə ki, Şəbnəm verilişlərin birində Nigara duet təklifi edib. Nigar isə “Bizim oxuduğumuz janrlar ayrıdır. Bizdə duet alınmaz. Ən yaxşısı Şəbnəm Vəfa Şərifova ilə duet oxusun” cavabını verib. Bundan sonra Ş. Tovuzlu qarşı tərəfin ünvanına xoşagəlməz sözlər ünvanlayıb.
Nigar Camal ilə yaşadığı qalmaqal Şəbnəm üçün “xınayaxdıya gedəsidir” desək, heç də yanılmarıq, çünki onun həmkarı Vəfa Şərifova ilə dalaşması bu ilə damğa vurdu.
Buna səbəb isə “Cənnətimsən” mahnısı oldu. Bəstə hər iki ifaçıya satılıb və onlar mahnını oxuyub və rəsmi “Youtube” kanallarına yerləşdiriblər. Vəfa və Şəbnəm müəllif hüquqlarının qorunması üçün müxtəlif qurumlara müraciət edib. Vəfanın “Youtube” kanalından mahnı silinib. Mahnının müəllifi bəstəni Şəbnəmə satdığını bildirib. Vəfa isə bəstənin müəllifi kimi ilk vaxtlar özünü göstərib. Daha sonra bəstənin plagiat olduğu üzə çıxıb. Bu haqda isə jurnalist Pərviz Hüseyn məlumat yayıb. O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi “Pakizə”dən götürülüb.
İlin ən çox müzakirə olunan və məhkəməsi aylardır davam edən davası ilə Xalq artisti Ağadadaş Ağayevin qapısında baş verib.
Belə ki, iyulda sənətçi mübahisə etdiyi xəstəxananın mühafizəçisinə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib. Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Amma onlar həbsə düşməyiblər. İstintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında illərdir davam edən qalmaqal bu ildə də yenidən alovlanıb.
Buna səbəb isə Rozanın 8 Mart Beynəlxalq Qadınlar Günündə Elzanı təbrik etməsi olub. Oxuyub sual verəcəksiniz ki, burada axı hansı davadan söz gedə bilər ki? Cavabı elə Rozanın öz dili ilə yayımlarıq.
Bundan sonra Elza Rozanı məhkəməyə verib.
Bu il Xalq artisti Faiq Ağayevin də səbr kasasını daşdıran iki həmkarı olub. Əvvəlcə başlayaq onun gənc həmkarı Rəsul Əfəndiyevdən.
Belə ki, Rəsulun Faiqin repertuarında yer alan “Əldə bir qədəh şərab” mahnısını oxuması və rəsmi “YouTube” kanalında yayımlaması Ağayevin xoşuna gəlməyib. O mahnını şikayət edərək, kanaldan silməyə nail olub. Bundan xəbər tutan Əfəndiyev efirdə “Youtube” kanalı özəldir və müəllif hüquqları da mənə aiddir. Kanalımda hansı mahnını istəyirəm “gizlədirəm”, “silirəm”. Yəni bu mənə aid olan bir məsələdir. Heç kim sildirməyib, mən özüm bağlamışam. Üç dənə kitab oxuyub, yaxşı danışmaqla deyil” sözlərini Ağayevə ünvanlayıb.
F.Ağayevlə söz savaşına çıxan ikinci həmkarı isə Nadir Qafarzadə olub.
İkili arasında davaya səbəb Faiqin verilişlərin birində söylədiyi “Toy mərasimində Nadir hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi” fikirləri olub. Bundan sonra Nadir efirdə “Allah qismət eləməsin ki, Faiqə çay verim” sözlərini dilə gətirib.
Efirlərdə bir çox sənət nümayəndələrinin bostanını daş- qalaq edən müğənni Əli Mirəliyev bu ildə sakit oturmayıb.
Mirəliyev bu dəfə gah küsüb gah da barışdığı həmkarı Elşad Qarayevi hədəf alıb. Qarayevi verilişdə “Əl meymunu” adlandıran Mirəliyev dilinə hakim kəsilə bilməyib. Təhqirlərə məruz qalan qarşı tərəf həmkarı ilə efirdə dalaşıb.
Heç ağlımızın ucundan belə keçməzdi ki, nə zamansa müğənnilər Aygün Şükürova və Yaşal Cəlilov dalaşa bilərlər. Amma atalar boşuna deməyiblər “Sən saydığını say, gör fələk nə sayır”.
Tərəflər efirdə dalaşması “Günortası” verilişinin kulisindən başlayıb.
Belə ki, Yaşar “Aygün kulisdə deyir ki, Tolik (Tarix Əliyev) TikTok-u bəyənmir amma özü bütün günü orada canlı yayım açır. Mən də deyirəm ki, səmimi ol, get bunu onun üzünə de. Mən səhv deyirəm? Yanımda heç kimi qeybətini eləmə. Əzizim, Tolikə sözün varsa zəng elə üzünə de, efirdən demə. Sənin başına dönüm, yanımda qeybət eləmə” ifadələr səsləndirib.
Şükürova Cəlilova cavab olaraq “Mən Tolikin elə üzünə də bu sözləri deyirəm. Sən indi çox gülməli vəziyyətdəsən. Sən özün qeybət eləmirsən? Ayıb olsun sənə” deməsinə Cəlilov “Ayıb olsun elə sənə. Kimin mən qeybətini edirəm? Mən Kənana hörmət edirəm” sözlərini deyib.